Şrift:
İran ətrafında vəziyyət gərginləşir
26.01.2012 [11:21] - Siyasət
Vaşinqton Tehrana qarşı maliyyə sanksiyalarını dərinləşdirir, toqquşmalar Hörmüz boğazından başlaya bilər.
Avropa İttifaqının (Aİ) İrandan neft alınmasını və bu ölkənin Mərkəzi Bankının maliyyə əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutan sanksiyalarının (təhrim) ardınca ABŞ da Tehrana qarşı maliyyə sanksiyalarını dərinləşdirib. Birləşmiş Ştatların Maliyyə Nazirliyi bildirib ki, İranın “Ticarət” bankına və onun xaricdəki filiallarına sanksiyalar tətbiq edir. Bankın İranın nüvə proqramlarının maliyyələşdirilməsində rolunun olması sanksiyaların səbəbi kimi göstərilib. Bankın sanksiyaların təsirinə məruz qalan filiallarından (nümayəndəgi) biri də Belarusda yerləşir.
Aİ-nin İrana qarşı neft embarqosu iyunun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan etibarən ittifaqa daxil olan ölkələr İranla neft alınmasına dair müqavilə bağlaya bilməyəcəklər. ABŞ da İrana qarşı oxşar embarqo tətbiq edib. İran bu sanksiyalara cavab olaraq bildirir ki, Aİ ölkələrinə neft satışının dayandırılması ölkə iqtisadiyyatına təsir etməyəcək. Çünki Tehran bu nefti Asiyadakı müştərilərinə satacaq. Lakin ABŞ bir sıra Asiya ölkələrini, o cümlədən Yaponiyanı da İrandan neft almağı dayandırmağa çağırır. Tehran sanksiyalara cavab olaraq dünya bazarlarına nəql edilən neftin əsas hissəsinin daşındığı Hörmüz boğazını bağlayacağına dair xəbərdarlığını qüvvədə saxlayır. Ancaq rəsmilərdən bu barədə ziddiyyətli açıqlamalar verilir. Son olaraq İran parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İsmayıl Kosəri deyib ki, əgər neft embarqoları ölkə iqtisadiyyatına ziyan vursa, o zaman Hörmüz boğazı hərbi gəmilərlə bağlanacaq. Lakin Kosəri əlavə edib ki, Aİ-nin qadağaları İrana təsir edə bilməz. ABŞ bölgədə çoxsaylı hərbi gəmilər cəmləşdirib və bildirir ki, Hörmüz boğazının bağlanmasına cavab olaraq İrana dağıdıcı zərbələr endirməyə hazırdır.
İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlaması ehtimalı da qalır. Bugünlərdə İsraildə səfərdə olan ABŞ silahlı qüvvələri birləşmiş qərargahının rəisi, general Martin Dempsi Təl-Əvivin Vaşinqtona xəbər vermədən İrana qarşı hərbi əməliyyatlara başlamayacağına dair təminat ala bilməyib. Britaniyanın “Sunday Times” qəzeti xəbər verir ki, baş nazir Benyamin Netanyahu general Dempsi ilə görüşündə belə təminat verməkdən imtina edib. O deyib ki, İsrail İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlasa, ABŞ-ı cəmi 12 saat əvvəl xəbərdar edə bilər. Bildirilir ki, bu yaxınlarda prezident Barak Obama da Netanyahu ilə telefon danışığında İrana qarşı hazırlanan əməliyyatların detalları (təfərrüat) barədə soruşub. Ancaq İsrail baş naziri bu barədə məlumat verməyib və deyib ki, əməliyyat barədə qərar verilərsə, ABŞ detallar haqda məlumatlandırıla bilər. Hazırda İran məsələsində İsraillə ABŞ arasında ciddi fikir ayrılıqlarının mövcud olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 4645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed