Şrift:
Azərbaycanın daha bir tibb müəssisəsində sümük iliyi transplantasiyası aparılacaq
21.11.2015 [12:13] - Gündəm, Sağlıq
Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında sümük iliyi transplantasiyası şöbəsi yaradılır.

Universitetdən verilən məlumata görə, şöbənin qurulmasında son tamamlama işləri gedir və lazım olan avadanlıqların əksəriyyəti klinikaya gətirilərək quraşdırılıb.

Yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunub. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır.

Klinikanın Hematologiya şöbəsinin müdiri Valeh Hüseynovun sözlərinə görə, bütün dünyada olduğu kimi Respublikamızda da hematoloji xəstələrin sayı artmaqdadır: “Tibbin son nailiyyətlərinə əsasən, bu gün bir çox hematoloji xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də tədbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur”.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed