Şrift:
“Amnesty İnternational”: “İranda həbslər, işgəncələr, edamlar və məhdudiyyətlər davam edir”
25.02.2016 [12:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Amnesty İnternational” beynəlxalq təşkilatı fevralın 23-də dünyada insan hüquqlarının durumu ilə bağlı illik hesabatını yayıb. Hesabatın İranla bağlı bölümündə, islam respublikasında insan haqlarının kobud şəkildə pozulması hallarının davam etdirilməsindən narahatlıq bildirilib.
“Amnesty İnternational”: “İranda həbslər, işgəncələr, edamlar və məhdudiyyətlər davam edir”

Bəyanatda bildirilir ki, İran İslam Respublikası rəsmiləri 2015-ci ildə ölkədə söz və ifadə azadlıqlarına qoyduqları məhdudiyyətləri davam etdirərək, ölkə vətəndaşlarına qarşı yeni qadağalar qoyublar, edamların sayını artırıblar: “2015-ci ildə İran hakimiyyəti ölkədə azadlıqları kəskin şəkildə məhdudlaşdırıb, dinc fəallara qarşı həbs və işgəncələri, vətəndaşların, o cümlədən də yeniyetmələrin ictimaiyyət qarşısında edamını və ya onların hansısa bir bədən üzvünün kəsilməsi əməlini davam etdirib. Həmin ildə İran hökuməti sosial şəbəklərə süzgəc qoyaraq müstəqil qəzet və jurnalların fəaliyyətinə qadağa qoyub, jurnalistlərlə internet fəallarını əsassız ittihamlarla tutub həbsə salıb”.

Bəyanatda həmçinin 5 ildir İranda ev dustaqlığında saxlanılan “yaşıl hərəkat” liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin durumuna da toxunulur: “Onlar, mühakimə olunmadan və barələrində hər hansı bir məhkəmə qərarı çıxarılmadan hələ də həbsdə saxlanılırlar. İranda əqidə məhbuslarının əksəriyyəti, yalnız öz insani hüquqlarını ifadə etdiklərinə görə həbs ediliblər. Həmin məhbuslar arasında çoxlu jurnalistlər, incəsənət xadimləri, yazıçılar, vəkillər, dini və milli azlıqların fəalları, qadın hüquq müdafiəçiləri və başqaları da var”.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed