Şrift:
İranda məhbuslara işkəncə verilərkən din və xlaq pirinsiplərinə riayət edilmir
17.02.2012 [12:44] - Gündəm
Həbsdə saxlanan gənc müxalif bloqçu Mehdi Xəzəli mərhum ayətullah Hüseynəli Müntəzinin oğlu Əhməd Müntəziriyə məktub yazıb. Mehdi Xəzəli İranın dini lideri və hökumətə qarşı yazılarına görə bu il 14 il həbsə məhkum edilib.

Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan bloqçu Əhməd Müntəziriyə yazıb ki, İran İslam Respublikası zindanlarında dinc müxaliflərə qarşı misli görünməmiş dəhşətli repressiyalar aparılır, insani faciələr törədilir: “Mən indi başa düşürəm ki, vaxtilə mərhum atanızın zindanlardakı repressiyalara qarşı etirazı nə üçünmüş. Atanızın etirazı olmasaydı, Allah bilir, digər məhbusların başına nələr gələrdi. Buradakı məhbuslar atanızın ruhuna dua oxuyur, ona Allahdan ülvi məqam diləyir.

Burada 1980-ci illərdə tutulan, 1988-ci ilin edam və qırğınlarından yaxa qurtara bilən məhbuslar var. Onlardan o dövrdə zindanda məhbuslara qarşı tətbiq edilmiş təzyiq növlərini və repressiyaları eşidəndə adamın tükləri biz-biz durur. Buradakı üzdəniraq inqilab məhkəmələrində müttəhimlərin hüququna zərrə qədər riayət edilmir. Məhbuslar özlərinə vəkil tutmaqdan məhrumdur. Məhkəmə iclasları da yalnız bir neçə dəqiqə keçirilir, sonra müttəhimə hökm oxunur. Mənim saxlandığım otaqda günahı sübut olmayan 3 nəfər saxlanılır. Məhkəmə hakimi Pirabbasi iki dəqiqəlik məhkəmədə onların hər birinin 17 il azadlıqdan məhrum olması haqda hökm çıxarıb.

Burada heç bir siyasi fəaliyyəti olmayan və hakimiyyətə qarşı çıxmayan 3 nəfəri yalnız islamdan xristianlığa keçdiklərinə görə tutub saxlayırlar. Onların hər birini uzunmüddətli həbsə məhkum ediblər. Bəzi məhbusları isə yalnız sistem rəsmiləri ilə ixtilafına görə tutub dama basıblar. Həmin şəxslərə istər fiziki, istərsə də psixoloji baxımdan misli görünməmiş dəhşətli işgəncələr verir, onlardan yalançı etiraflar alıb guya casus olduqlarını boyunlarına götürmələrini istəyirlər.

Burada məhbuslara işgəncə verilərkən din və əxlaq prinsiplərinə riayət edilmir. Allah bir daha atanızı rəhmət eləsin və bu zülmün kökünü qurutsun. Mən indi başa düşürəm ki, mərhum atanız nəyə görə bu zülmə qarşı fəryad qoparırmış”.

Mərhum ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed