Şrift:
Ermənilər tərəfindən törədilmiş Qaradağlı soyqırımının 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib
17.02.2012 [14:46] - Gündəm
Bu gün Bakıda Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatı və anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək üstünü torpaqlayıblar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülüb, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilib. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər ermənilərin verdikləri işgəncələrin törətdiyi fəsadlar nəticəsində vəfat ediblər. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailədə ailə başçısı öldürülüb, 140-a yaxın uşaq yetim qalıb.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına hüquqi qiymətin verilməsi vacibdir: “O cümlədən də Qaradağlı faciəsinə. Qaradağlı soyqırımına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş vermişəm”.

Tədbirdə soyqırımı yaşamış Qaradağlı sakinləri də çıxış edib, üzləşdikləri faciələri anladıblar.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed