Şrift:
Almaniyada uşaqsız cütlüklər cəzalandırılacaq
19.02.2012 [01:01] - Gündəm
Almaniyada uşaqsız və ya təkuşaqlı ailələrdən daha çox vergi tutulması ilə bağlı təklif irəli sürülüb. Təklif hökumətin hakim qanadı Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (XDİ /XSB) partiyasından olan gənc deputatlardan gəlib. Onlar Almaniya əhalisinin sayının sistematik olaraq azaldığını əsas götürərək uşaqsız və tək uşağı olan ailələrdən əlavə vergi tutulmasını tələb ediblər. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xəbər verir.
Bundestaqda XDİ-dən olan deputat Marko Vandervitzin rəhbərliyi altında parlamentarilər uşaqsız ailələrdən əməkhaqqının 1, təkuşaqlı ailələrdən isə əməkhaqqının 0,5 faizi həcmində əlavə vergi tutulmasını tələb edirlər. Almaniyanın ailə naziri Kristina Şröder uşaqsız cütlükləri cəzalandırmaq əvəzinə, onların uşaq sahibi olmalarına yardım edilməsinin daha cəlbedici olduğunu bəyan edərək bu təklifə qarşı çıxıb.
Qeyd edək ki, ölkənin kansleri Angela Merkel də sədri olduğu XDİ-dən gələn bu təklifə etiraz edib. Övladı olmayan Merkel deyib ki, uşaqsız və azuşaqlı ailələri cəzalandırmaq əvəzinə sosial sığorta sisteminin uzunmüddətli mühafizəsi üçün bir sıra dəyişikliklərin edilməsi vacibdir. "Uşaqsız və təkuşaqlı ailələrdən əlavə vergi tutulmasına haqq qazandırmıram", - o deyib.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed