Şrift:
Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Moskvada mətbuat konfransı keçiriblər
21.12.2016 [10:25] - Gündəm, Siyasət
Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Moskvada Suriyada vəziyyətin nizama salınmasına dair saziş barədə razılıq əldə ediblər. Nazirlər üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflərin ümumi rəyinə görə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Münaqişənin hərb yolu ilə həlli mümkün deyil. Rusiyalı nazir deyib ki, üçlük məsələnin həllində BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinin rəhbər tutulmasına tərəfdardır. Rusiya, Türkiyə və İran nazirləri Suriya hökuməti ilə müxalifət arasında danışıqlar prosesinin qarantı kimi çıxış etməyə, razılıq sazişinin hazırlanmasına dəstək olmağa hazırdırlar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Moskvada bu formatda görüşün keçirilməsi mühüm hadisədir. Danışıqlar zamanı Hələbdə humanitar böhranın aradan qaldırılmasının və digər siyasi məsələlərin müzakirə olunduğunu deyən nazir Hələbdən ümumilikdə 37 min nəfərin azad edildiyini bildirib. Onun sözlərinə görə, nazirlər Suriyada atəşkəsə nail olunması məsələsini müzakirə ediblər. Suriyada atəşkəsin İŞİD və “Cəbhət ən-Nüsra” kimi təşkilatlarla mübarizəyə aid olmadığını deyən türkiyəli nazir bu cür qrupların silahlı müxalifəti dəstəkləməsinə son qoyulmasının vacibliyini vurğulayıb.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed