Şrift:
Yaponiya raketdən müdafiə sisteminin yerləşdirilməsini başa çatdırmışdır
05.04.2012 [11:12] - Gündəm, Hərb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) gələn həftəyə planlaşdırılan süni peyki Yerətrafı orbitə çıxaracaq daşıyıcı raketin buraxılması ilə əlaqədar Yaponiya Okinava prefekturasının cənubunda raketdən müdafiə sisteminin yerləşdirilməsini tam başa çatdırmışdır.
Bu barədə aprelin 5-də Yaponiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Ümumilikdə Naha şəhərində, Nancyo hərbi bazasında, həmçinin Okinavanın cənub qərbində yerləşən Miyako və İsiqaki adalarında dörd “Petriot” PAK-3 raketdən müdafiə sistemi quraşdırılmışdır. KXDR-in buraxacağı raketin uçuş trayektoriyasının məhz həmin ərazilərin üzərindən keçəcəyi gözlənilir.
Yerüstü raketdən müdafiə sistemləri ilə yanaşı, Yaponiya, həmçinin çoxhədəfli izləmə və müşahidə qabiliyyətli “İgis” sistemi və uzaqməsafəli SM-3 zenit raketləri ilə təchiz edilmiş “Kirisima”, “Myoko” və “Tyokay” esmineslərindən də istifadə ediləcəkdir. Bu hərbi gəmilər Yapon və Şərqi-Çin dənizlərində yerləşdirilmişdir. SM-3 raketləri KXDR raketi sürətini itirdikdə və ya istiqamətini dəyişdikdə onu atmosferdən kənarda vurmaq imkanına malikdir.
Rəsmi Pxenyan bildirmişdir ki, KXDR-in banisi Kim İr Senin 100 illik yubileyi ilə əlaqədar raketin buraxılışı 12-16 aprel tarixlərində həyata keçiriləcəkdir. Raketin birinci hissəsi Sarı dəniz üzərində ayrılacaq və KXDR-in qərb sahillərinə düşəcəkdir. Sonra raket yapon adalarının üzərindən keçəcək və onun ikinci hissəsi Filippinin əsas adası Lusonun şərqində açıq dənizə düşəcəkdir.
Yaponiyanın müdafiə naziri Naoki Tanaka hərbi qüvvələrə KXDR raketi və ya hissələri ölkə ərazisi üçün təhlükə yaradacağı təqdirdə onun vurulması barədə göstəriş verdiyini bildirmişdir. Gəmilər hədəfdən yayındığı təqdirdə, “Petriot” qurğuları işə düşəcəkdir. PAK-3 sistemi raketin və ya onun hissələrinin yerə yaxın məsafədə vurulması üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, üç belə sistem Tokionun hava məkanını qoruyacaqdır.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed