Şrift:
Meşginşəhrdə iki səyyar satıcı uşaq bələdiyyə məmurları tərəfindən ağır şəkildə döyülüb
21.01.2017 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində iki səyyar satıcı uşaq bələdiyyə İdarəsinin məmurları tərəfindən ağır şəkildə döyülüb.

Məlumata görə, bir neçə bələdiyyə məmuru satıcı uşaqlara hər tərəfdən hücum edərək onları ağır şəkildə döyüb, meyvə və əşyalarını ayaq altına ataraq əziblər.

Yanvarın 18-də baş verən hadisə ətrafdakı insanların sərt etirazına səbəb olub.

“Təəssüflə bu gün məmurların uşaqlara qarşı zalimcəsinə davrandığına şahid olduq. Halbuki, bu uşaqlar başqaları kimi səyyar satıcılıq işi ilə məşğul olurlar, sanki onların gücü elə uşaqlara çatır”- deyə hadisə şahidləri bildirib.

Uşaqların döyüldüyünü yaxından müşahidə edən bir xanım məsələyə görə Bələdiyyə İdarəsinə sərt etirazını bildirib. “Bizim şəhərdə gənclər və yeniyetmələrin əksəriyyəti işsizdir. Bələdiyyə başqanı və onun məmurları, sankı işsiz gəncləri səyyar satıcılıqdan uzaqlaşdırmaqla onları narkotik satmağa meyilləndirmək istəyirlər?!” deyə hadisə şahidi qeyd edib.

Xatırladaq ki, yanvarın 5-də Təbrizin “Sahib-ol Əmr” meydanında daha bir səyyar satıcı bələdiyyə məmurları tərəfindən ölümcül döyülərək xəstəxanalıq olmuşdur.
Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed