Şrift:
Yaşar Aydəmirov: Azərbaycan Ordusunun düşmənə cavabı çox kəskin olacaq
07.04.2017 [10:38] - Gündəm, Hərb
Azərbaycan Ordusunun yaşayış məntəqəmizi atəşə tutan düşmənə cavabı çox kəskin olacaq.

Bu fikri sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin 60 millimetrlik minaatanlardan istifadə edərək Tərtər rayonunun Qapanlı kəndini atəşə tutmalarına münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Qapanlı təmas xəttinə ən yaxın kəndlərdən biridir. Ermənilər son vaxtlar yenə atəşkəs rejimini 100 dəfədən çox pozmağa başlayıblar. İndi təmas xəttinə lap yaxın olan kəndlərdə atəşkəsi pozurlar ki, yerli əhaliyə təsir etsinlər. Lakin Qapanlı kəndinin sakinləri heç vaxt doğma yurdlarını tərk etməyəcəklər.

“Ermənilər keçən ilin aprelində də ön xətdə gərginlik yaratmağa, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Əvvəlcə iriçaplı silahlarla, artilleriya, reaktiv yaylım sistemləri ilə mövqelərimizi, sonra isə yaşayış məntəqələrimizi atəşə tutdular. Amma heç bir nəticə əldə edə bilmədilər, üstəlik layiqli cavab aldılar. Ermənistanda seçkilər keçiriləndən dərhal sonra bizim ön xəttə yaxın məsafədə yerləşən yaşayış məntəqələrimizi yenidən atəşə tutmağa başlayıblar. Qapanlı da həmin kəndlərdən biridir. Qapanlını atəşə tutmaqda məqsəd əhalini qorxutmaq, vətəndaşlar arasında ruh düşkünlüyü yaratmaqdır. Lakin düşmən bu istəyinə nail ola bilməyəcək. Digər tərəfdən, Ermənistan rəhbərliyi bununla ölkə əhalisini guya Azərbaycanın atəşkəsi pozduğuna inandırmağa, ön xətdə gərginliyə nail olmağa çalışaraq, cəmiyyətdə narazılığı yumşaltmağa cəhd göstərir. Lakin Azərbaycan ordusu düşmənin öz istəyinə çatmasına imkan verməyəcək”.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed