Şrift:
Tanınmış sumqayıtlı cərrah Cəfər Quliyevin 40 illik "üsyanı"
06.06.2017 [10:10] - Gündəm
Onun siqaret əleyhinə yazdığı unikal tədqiqat əsərinin - "Tüstü də var, ocaq söndürür..." kitabının təqdimatı olmuşdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin və Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə şəhər Poeziya Evində Azərbaycanın tanınmış, görkəmli cərrahı, "Şöhrət" ordenli Hacı Cəfər Quliyevin "Tüstü də var, ocaq söndürür..." kitabının təqdimat mərasimi keçirilmişdir.

Respublikamızın və Sumqayıtın tanınmış ziyalılarının, həmçinin Milli Məclisin deputatları Muxtar Babayevin, Fərəc Quliyevin, Fazil Mustafanın, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının, Sumqayıtın müəssisə və təşkilat rəhbərlərinin, mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday müəllifin sayca 6-cı olan kitabının ölkə əhalisinin, xüsusən də gənclərin sağlamlığının qorunmasına yönəldilmiş dəyərli bir əsər olduğunu diqqətə çatdırmışdır.

O, kitabın redaktoru (sponsoru Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov, rəssamı Qorxmaz İsrafiloğludur) və ön sözün müəllifi kimi bildirmişdir ki, Hacı Cəfər Quliyev zəngin təcrübəli, nüfuzlu, xalqını sevən, daim onun tibbi xidmətində sayıqlıqla dayanan vətənpərvər bir həkim kimi dünyanın "sakit", lakin ən müdhiş bəlalarından biri olan siqarerin insan sağlamlığına vurduğu ciddi zərər və fəsadları danılmaz fakt və arqumentlərlə diqqətə çatdırmaq, siqaret aludəçilərini onların ömrünü qısaldan, minlərlə ailəyə bədbəxtçilik gətirən bu zərərli vərdişdən uzaqlaşdırmaq üçün uzun illər elmi-praktiki araşdırmalar, tədqiqatlar aparmış, maraqlı və olduqca faydalı olan bir kitab ərsəyə gətirmişdir.

Sanballılığına və dəyərinə görə namizədlik dissertasiyaı səviyyəsində bir elmi əsər olan kitabda göstərildiyi kimi siqaret ölkə əhalisinin həyatında bədbəxt hadisələrə heç də az səbəb olmamışdır. Atanın siqaret aludəsi olduğu, ananın da ərindən gizli-gizli siqaret çəkməsi evdə böyüyən körpənin əvvəlcə yuxusunun dağılmasına, daha sonra isə əlil olmasına, müharibədən sağ-salamat qayıdan, lakin azyaşlı nəvəsi ilə gecə yatarkən siqareri əlindən yanılı halda bilmərrə xalçanın üzərinə salaraq, evlə birgə özünün və nəvəsinin də yanmasına, bu ağır faciəyə dözməyərək, uşağın anasının da bir ayın içində dünyadan köçməsinə səbəb olan Şahbaz kişinin dözülməz ailə faciəsinə aid və digər müdhiş faktlar tədbirə gələnlərin çoxunu ciddi düşünməyə, həyata sanki siqaret dumanı arxasından yox, ayıq gözlə baxmağa sövq edirdi.

Siqaretin dağıdıb, məhv edə biləcəyi başqa bir ailəni - hüquqşünas Mahir bəyin və Cəfər həkimin tələbə yoldaşı Solmaz həkimin ailəsini isə bu loğman həkimin məsələyə vaxtında müdaxiləsi qoruyub-saxlaya bilmişdi. O, ailədəki müxtəlif məişət problemlərinə, qadının sağlamlığına çox pis təsir edən anlaşılmaz fiziki-psixoloji dəyişikliklərə məhz siqaretin səbəb olduğunu aşkar edib, ər və arvadın yenidən doğma ocaqda birləşmələrinə, ailəni qorumalarına nail ola bilmişdi.

Tədbirdə çıxış edənlər - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Fazil Mustafa, ehtiyatda olan polis polkovniki Həmid Cəfərov, şairlərdən Əşrəf Veysəlli, Əvəz Mahmud Lələdağ, Firdovsi Cəfərxan, keçmiş kimya müəssisəsi rəhbərlərindən Fikrət Sadıqov, ziyalı qadınlar adından İndira Şəmsivari, tanınmış həkim, Sumqayıt Bələdiyyəsinin üzvü Kifayət Vidadiyeva və digərləri söz alaraq, belə bir mühüm mövzuda yazılaraq, indiki və gələcək nəsillər üçün çox faydalı olacaq kitabın müəllifinin vətəndaşlıq mövqeyini yüksək qiymətləndirmiş, Hacı Cəfər Quliyevin nə vaxtsa həkimlik fəaliyyətini dayandırsa da belə, insanların sağlamlığı uğründa onun xidmətinin bu kitabla hələ uzun illər davam edəcəyini bildirmişlər.

Onu da qeyd etmək lazımdır ki, Hacı Cəfər həkim yalnız Sumqayıtda deyil, respublikanın ən ucqar güşələrində belə yaxşı tanınır və sevilir. Sumqayıt səhiyyəsində çalışdığı 50 ildən artıq müddətdə Azərbaycanın müxtəlif bölgələrindən nicat, ümid yeri kimi çoxları məhz Cəfər həkimə pənah gətirmişlər. Təsadüfi deyil ki, o, xalqın sağlamlığı yolunda təmənnasız çalışan CƏFAkeş və ŞƏFAkeş həkim kimi respublikada böyük nüfuza malikdir. Azərbaycanın bu məşhur, "Şöhrət" ordenli görkəmli cərrahı vaxtilə həm də "SSRİ-nin Səhiyyə əlaçısı" fəxri adına layiq görülmüşdür.

Əldə etdiyi bütün bu uğurlar heç də təsadüfi deyil. 1934-cü ilin dekabrının son günündə Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Ordubad diyarının Üstüpü kəndində dünyaya gəlmiş Cəfər Quliyev 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində oxuduğu ilk tələbəlik illərindən ictimai fəallığı, coşqunluğu ilə daim seçilmişdir. Elə bu səbəbdən də hələ 29 yaşında ikən Azərbaycandan Şimali Qazaxıstana göndərilən 575 nəfərlik tələbə-inşaat dəstəsinin baş həkimi və komandiri təyin edilmişdi.

Və həmin dövrdə - 1964-cü ildə Çernoqrad vilayətində yeni salınmış küçələrinə Azərbaycanın klassik şairlərinin adlarını verdirtdiyi "Azərbaycan" sovxozunun yaradılmasına da məhz gənc Cəfər Quliyev nail olmuşdu. O da diqqətəlayiqdir ki, 20 ildən çox öz zorakılıqları, soyğunçuluqları ilə həmin vilayətin sakinlərinə qan udduran, adı "Adam", üzvləri isə adamlıqdan uzaq olan 24 nəfərlik cinayətkar banda məhz fiziki cəhətdən güclü və iradəli, haqsızlıqlara qarşı barışmaz və mübariz, prinsipial və qətiyyətli olan Cəfər Quliyevin şəxsən iştirakı ilə tutularaq, tərksilah edilmişdi.

Buna görə bütün yerli əhali o zaman 29 yaşlı bu Azərbaycan oğluna sonsuz təşəkkürlər edirdilər. Vilayət rəhbərlyinin təqdimatı ilə Cəfər Quliyev cəsur, qorxmaz hərəkətinin, igidliyinin nəticəsi kimi haqlı olaraq o vaxt - müharibənin, döyüşlərin olmadığı bir vaxtda "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdi.

Bununla belə çox qəribədir ki, mənən-ruhən əsl Hacı, respublika əhəmiyyətli "Əmək veteranı", Sumqayıtın Səhiyyə İşçiləri Ağsaqqallar Şurasının sədri, Azərbaycanın iki nüfuzlu yaradıcılıq təşkilatının - Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, vaxtilə iki dəfə Sumqayıt şəhər Sovetinin deputatı seçilmiş, 52 il ərzində on minlərlə adama şəfa bəxş etmiş, yüzlərlə adamı ölümdən, yüzlərlə ailəni bədbəxtlikdən xilas etmiş, həqiqətən zəhmətkeş, əməkldar olan Cəfər həkimə - artıq 82 yaşında olan bu məşhur loğmana, əksəriyyətin haqlı şəkildə düşündüyünün əksinə olaraq hələ bugünədək "Azərbaycanın Əməkdar həkimi" adı və xalqa şərəfli, vicdanlı xidməti ilə çoxdan layiq olduğu fərdi Prezident təqaüdü verilməyib. Və çoxları elə bilir ki, Cəfər həkim artıq çoxdan həm Əməkdar həkim, həm də Prezident təqaüdçüsüdür. Lakin, təəssüf ki, bu, hələlik heç də belə deyil. Ancaq inanıram ki, belə də olacaqdır və biz yaxın zamanlarda Cəfər həkimi böyük sevinclə təbrik edəcəyik!

P.S. Maraqlıdır ki, kitabda göstərilən müdhiş faktlardan təsirlənən bir-neçə nəfər tədbirdən sonra Hacı Cəfər Quliyevə yaxınlaşaraq, onları "ayıltdığı" üçün ona təşəkkür etmiş və elə bu gündən etibarən siqareti tamamilə atdıqlarını bildirmiş, həkimin gözü qarşısındaca siqaret qutularını əzib atmışlar.

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.

Tanınmış sumqayıtlı cərrah Cəfər Quliyevin 40 illik "üsyanı"
Tanınmış sumqayıtlı cərrah Cəfər Quliyevin 40 illik "üsyanı"
Tanınmış sumqayıtlı cərrah Cəfər Quliyevin 40 illik "üsyanı"
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed