Şrift:
İran rejimi GünAz TV-nin maliyyə qaynaqlarının elan olunmasına israr etməkdə nə məqsəd güdür?
15.08.2017 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müasir dünyada peyk televiziyası təsis etmək, onun vasitəsi ilə verilişlər yaymaq çoxlu maliyyə vəsaiti tələb edir. Televiziya fəaliyyətini davam etdirmək üçün zəngin maliyyə qaynaqları və güclü hamiyədarlara ehtiyacı var. Hotbird, Telstar və Yahsat peyklərindən 24 saat veriliş yayan Güney Azərbaycanın təkcə kanalı olan GünAz TV də bu qaydadan istisna deyil.

Televiziya yeni təsis edildiyi illərdə dəyərli Azərbaycan əhalisindən canlı proqram vasitəsi ilə maliyyə yardımı toplayırdı. Maddi imkanı yaxşı olan vətənpərəst azərbaycanlı insanlar GünAz TV-nin canlı verilişi ilə əlaqə saxlayaraq maliyyə yardımı etdiklərini və onun məbləğini açıqlayırdılar. Sonralar bu insanların bir çoxu təhqir, təhdid və təzyiqlərə məruz qaldılar. Hətta GünAz TV düşmənləri qeyri-insani bir şəkildə onların özlərini və ailə üzvlərini aşağılayıcı ifadələrlə təhqir etdilər. Bu vəziyyət himayədarların bəzilərinin ciddi narahatlığına səbəb oldu. Bundan sonra GünAz TV məsulları, himayədarlarını təhqir və təzyiqlərindən qorumaq məqsədi ilə maliyyə yardımlarını açıq şəkildə qəbul etməməyə qərar verdilər.

İndi ortaya belə bir sual çıxır: İran rejimi və onunla bilərəkdən vəya bilməyərəkdən eyni istiqamətdə hərəkət edənlərin GünAz TV-nin maliyyə qaynaqlarını elan etməkdə israrlı olmalarının səbəbi nədir?! Onlar çalışır ki, televiziyanın himayədarlarını kəşf edərək onları təhdid edib, televiziyaya edilən maliyyə yardımına mane olsunlar, nəticədə televiziya öz fəaliyyətini davam etdirə bilməsin.

Bu şəxslər və İran rejiminin əlaltıları bilməlidilər ki, GünAz TV məsulları siz düşündüyünüzdən qat-qat şüurludular. Əgər bu işlərinizlə qarşıya qoyduğunuz hədəfə çatacağınızı zənn edirdinizsə, çox sadəlövh insanlar imişsiniz.

Özlərini milli fəal kimi göstərən bəziləri, İran rejimi ilə birlikdə GünAz TV-ni Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa Birliyi, İsrail, Türkiyə və Azərbaycan Respublikası tərəfindən maliyyələşdirildiyini bildirirlər. Onlara bildirək ki, ABŞ Xarici İşlər Nazirliyinə maliyyə yardımı ilə bağlı müraciət olunub, təəssüflə bu günə qədər bizə mənfi cavab verilib. Televiziyaya demokratik ölkələrdən maliyyə yardımı almaqla bağlı kömək edə biləcək şəxslər vəya qruplar varsa, biz bu yardımlarla daha yaxşı proqramlar yaya bilərik deyə həmin şəxslərə səmimi şəkildə təşəkkür edərik. Maliyyə yardımının sənədləri isə onların əlində olacaq, qoy istədikləri kimi, hətta bizim əleyhimizə istifadə etsinlər.

Azərbaycan cəbhəsində olduqlarını iddia edən bəziləri bilərəkdən vəya bilməyərəkdən İran rejiminin kütləvi informasiya vasitələri ilə paralel şəkildə GünAz TV əleyhinə addım atırlar. Onlar yaxşı bilir ki, belə bir televiziyanın təsisi və fəaliyyət göstərməsi çoxlu maliyyə vəsaiti və sponsorlar tələb edir. Bu vəsait dəyərli vətənpərvər azərbaycanlılar tərəfindən təmin olunur. Televiziya, YoyTube vəya Facebook deyil ki, bəziləri boş vaxtlarında oturub videolar yayaraq Azərbaycan məsələlərini bir tərəfə qoyub GünAz TV-yə qarşı təxribatla məşğul olsunlar. Bu, 24 saatlıq bir kütləvi informasiya vasitəsidir və bir mətbuat orqanı kimi, öz fəaliyyətində heç bir qabliyyətə malik olmayan iddiaçılardan əmr gözləmir, bu gələcəkdə də belə olacaq.

Əcaba sözdə siyasi fəal kimi görünən şəxslərin GünAz TV-nin maddi durumu və maliyyə dövriyyəsi ilə bu qədər maraqlanmalarının səbəbi nədir?! İran rejiminin bu barədə olan mövqeyi və məqsədi kimsəyə gizli deyil. Azərbaycan türk millətinin düşməni olan rejim təbii olaraq GünAz TV-nin fəaliyyətinə zərbə vurmaq üçün müxtəlif ssenarilərdən istifadə edir. Məlum şəxslərin bu barədə GünAz TV-yə qarşı açıqlamaları isə əsasən qısqanclıq, şöhrətpərəstlik və qərəzli münasibətlə bağlıdır. Aydın məsələdir ki, bütün bunlar İran rejiminin dəyirmanına su tökməkdən başqa heç nə deyil.

Fərz edək ki, Madaqaskar dövləti GünAz TV-nin bir əsrlik vəya 100 illik büdcəsinin təmini ilə bağlı qərar qəbul edib. Gəlin televiziyanın verilişlərinə baxaq, bu verilişlər Madaqaskar dövlətinin mənafei yoxsa Güney Azərbaycan türk millətinin mənafei uğrundadır?! Demək ki, bu qərəzli şəxslər televiziyanın verilişlərinə irad tuta bilmirlər, nəticədə GünAz TV maliyyə qaynaqlarını açıqlamır deyə səs-küy salırlar. Onlar əslində İran rejiminə bağlı kütləvi informasiya vasitələrinin xətti üzərində hərəkət edirlər. Biz nə üçün sizdən soruşmuruq ki, siz GünAz TV-yə qarşı var gücünüzlə təxribat aparmaq üçün hardan pul alırsınız? Həm də o halda ki, İran rejimi də belə təxribatı dəstəkləyir. Hansı aqil insan maliyyə qaynaqlarını bir neçə sadəlövh və anlaşılmaz insanın ixtiyarına verər?! Demək ki, sizin GünAz TV-nin maliyyə məsələləri ilə bağlı video yaymağınız yalnız təxribat və şantaj məqsədi güdür. Siz narahat olmayın, GünAz TV-nin məsulları öz işlərini yaxşı bilir və sizin kimi mühasibəçilərə ehtiyac yoxdur.

Sonda GünAz TV, İranın panfarsist və irqçi sistemi ilə mübarizədə dəyərli azərbaycanlılar, İran İslam Cümhuriyyətinə qarşı demokratik dövlətlər, həmçinin humanist insanların Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq qanunların legitim tanıdığı maliyyə yardımlarına olduqca müsbət baxdığını elan edir.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed