Şrift:
Bu gün İran və Güney Azərbaycanda yeni dərs ili başlayır / Güneydə “Ana dilim evdə qalmasın!” kampaniyası…
23.09.2017 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün (1 Mehr) İran və Güney Azərbaycanda təhsil ocaqlarının açılışı günüdür.

Bu gün ölkədə kütləvi informasiya vasitələri, Teleradio, ictimai-dini mərkəzlər, rəsmi və qeyri-rəsmi orqanlar kimi, ölkədə bütün təhsil ocaqları da fars dilində fəaliyyətə başlayır. Yüzminlərlə məktəbli şagird və öyrəncinin ana dili nəzərə alınmadan hər kəs fars dilində təhsil almalı olacaq. Bu vəziyyət uzun illərdir Güney Azərbaycanda bir çox etirazlara səbəb olur və olmaqdadır. Azərbaycan türkləri hər bir fürsətdə ana dildə təhsil tələbi ilə etiraz səslərini qaldırır, əksər aksiyalarda “Haray Haray mən türkəm”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil” və s. kimi şüarlar səsləndirilir. Ana dildə təhsil tələb edən bir çox soydaşımız isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılır və ağır həbs cəzalarına məhkum edilir.

Güney Azərbaycanda keçən illərdə olduğu kimi bu il də məktəblərin açılışı ərəfəsində türk dilində təhsil tələbinə dair ənənəvi etiraz kampaniyaları təşkil olunub.

Keçən günlərdə “Ana dilim evdə qalmasın!” şüarı altında təşkil olunmuş imza kampaniyası türklər və digər qeyri-fars millətlərə mənsub çox sayda ictimai xadim, yazar, mədəni fəal, tələbə və siyasətçinin dəstəyini qazanıb.

İmza kampaniyanın başlığı həmçinin müxtəlif etnik qruplara mənsub sosial media istifadəçilərinin də ortaq şüarı olub.

Urmiyədə fəaliyyət göstərən “Yol Press” internet portalının məlumatına görə, kampaniyaya yerli siyasətçilər, o cümlədən millət vəkilləri və Urmiyə Şəhər Şurası üzvlərindən də dəstək gəlib. Kampaniyaya bir neçə gün ərzində 40 mindən çox insan qoşulub.

Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri, Urmiyənin millət vəkili Nadir Qazipur, Urmiyıniun millət vəkili Ruhulla Həzrətpur, Urmiyənin millət vəkili Hadi Bahaduri, Bostanabadın millət vəkili Məhəmməd Vəhdəti, Mahnişanın millət vəkili Murtaza Xatəmi, Xuzistanın Mahşəhr şəhərinin millət vəkili Əli Gülmuradi, Qəzvinin millət vəkili Həmidə Zərabadi, Təbrizin millət vəkili Məsud Pezeşkiyan, Miyananın millət vəkili Fərdin Fərmənd də “Ana dilim evdə qalmasın!” kampaniyasına qatılanlar arasında olublar.

Həmçinin kampaniya təşkilatçıları məktəb və universitetlərdə ana dildə təhsil tələbi ilə ölkə prezidenti Həsən Ruhani və millət vəkillərinə məktub ünvanlayıblar.

“Yeni dərs ili başlayır, lakin bildiyiniz kimi ölkəmizdə farsdillilərdən başqa digər vətəndaşlar ana dildə təhsildən məhrumdular. Bu mədəni və dil ayrı-seçkiliyi sayılmaqla yanaşı şagirdlər üçün bir çox problemin başlanğıcı deməkdir. Hətta ölkə konstitusiyasında da İran vətəndaşlarının bərabər hüququna müxtəlif maddələrdə işarə olunub. Bundan daha önəmlisi isə Quran-i Kərimdə dil və qövmlərin müxtəlif olması həyatda Allahın iki nişanəsi kimi göstərilib və ədalətin riayət olunmasına təkid edilib. Sosioloqlar, psixoloqlar və siyasət elminin alimləri ana dilini ən yüksək mədəni dəyər kimi qəbul edirlər. Bu vəziyyətdə bəziləri ölkədə tək dil və mədəni mərkəziyyətçi siyasətin davamına təkid edir”- deyə məktubun bir hissəsində qeyd olunub.

İranın birliyi və təhlükəsizliyini qorumaqda ölkədə yaşayan bütün millətlərin rolunu xatırladan məktubda İranın insan haqları mövzusunda olan bütün anlaşmalara imza atdığı, lakin bunun həyata keçirilmədiyi qeyd olunub.

Məktubda konkret olaraq aşağıdakı tələblər irəli sürülüb:
- Ölkədə çoxdilli təhsil sistemi rəsmiyyətə tanınsın, təlim və tərbiyə xidmətləri müxtəlif bölgələrdə etniklərin dilində həyata keçirilsin.

- Türk, bəluç, lor və s. kimi dillərdə bütün ölkədə yayımlanan radio və televiziya kanalları açılsın.

- Qeyri-fars dillərində təhsil və təlim sahəsində fəaliyyət göstərən yazıçı və qələm adamlarına dəstək verilsin.

- Ölkədə intiqrasiyanı gücləndirmək istiqamətində etniklərin mədəni hüquqlarının tələbi üçün Qövmlərin Ali Şurası yaradılsın. Hökumətin mədəni fəallar və yazıçıların iştirakı ilə yaranacaq şuraya təhlükəsizlik məsələsi kimi baxışı olmasın.

Kampaniya iştirakçıları məktubun sonunda gələcəkdə ölkədə ana dilində təhsil üçün şərait yaranacağına ümid etdiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed