Şrift:
Ərdəbildə təhsil ocaqlarının açılışı günü münasibəti ilə Bildiriş vərəqələri yayılıb
23.09.2017 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan və İranda təhsil ocaqlarının açılışı gününə bir gün qalmış Ərdəbildə Bildiriş vərəqələri yayılıb.

İranda Azərbaycan türklərinin ana dilində təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq hazırlanan vərəqələr milli-mədəni fəallar tərəfindən geniş şəkildə yayılıb.

Cümə günü, sentyabrın 22-də yayıldığı bildirilən bildirişlər vərəqələrinə şəhərin müxtəlif məntəqələrində rast gəlinir.

“Mehrin 1-i çatdı, yenədə təhsil ocaqları fəaliyyətə başlayır. Fars xalqından fərqli olaraq təxminən 1 əsrdir ki, bizim uşaqlarımız ana dilində təhsil almaq nümətindən məhrum edilib. Yenə də ötən illərdə olduğu kimi uşaqlarımız təhsil ocaqlarında asimilasyon siyasətinə məruz qalacaq, öz dilində deyil, başqa dildə təhsil almağa məcbur ediləcək. Onlar Babək, Koroğlu, Pişəvəri və s. kimi həqiqi qəhrəmanları ilə deyil, farsların əfsanələrdə olan Rüstəm və Söhrab kimi qəhrəmanları ilə tanış olacaqlar. Bizim uşaqlar öz şanlı tarixlərinin yerinə fars şovinistlərinin yazdığı saxta tarixi öyrənəcəklər.

Hətta ölkə prezidenti verdiyi vədlərə rəğmən bizim təxminən 1 əsrdir qadağan edilmiş dilimizi azad edə bilmədi, daha doğrusu bunu etmək istəmədi. Hələ bu azmış kimi Təhsil Nazirliyi fars dilində ləhcə ilə danışanların müəllim peşəsinə qəbul edilməyəcəyi haqda irqçiliyi əks etdirən qərar qəbul etdi, lakin Azərbaycan Milli Hərəkatı fəallarının ayıq-sayıqlığı və etirazı nəticəsində nazirlik geri addım ataraq qərarı ləğv etdi. Bir çox ölkədə çoxdilli təhsil sistemi olduğu halda İranda hələ də 30 milyondan çox Azərbaycan türkü ana dilində təhsil kimi ən ibtidai hüququndan məhrumdur.

Problemlər bununla da məhdudlaşmır. Bu gün Ərdəbildə mövcud olan bütün iqtisadi potensiala rəğmən yoxsulluq hökm sürür. Ali təhsilli gənclərimiz işsizlikdən fars bölgələrinə mühacirət etməyə məcbur olur. Kütləvi informasiya vasitələrində hələ də türk milləti məqsədyönlü şəkildə təhqir olunur. Ərdəbildə müxtəlif sahələrə, o cümlədən turizm infrastrukturu sahəsinə sərmayə yatırılmır. Bu bölgənin sərmayəsi və mədənlərdən əldə olunan məhsullar fars bölgələrinə daşınır. Uzun illərdir qatar səsinin arzusundayıq”- deyə bildirişin bir hissəsində qeyd olunub.

Bildirişdə həmçinin vurğulanıb ki, “Azərbaycan Milli Hərəkat fəalları Azərbaycan türk millətinin milli və mədəni hüquqlarının bərpası istiqamətində mədəni mübarizəsini davam etdərərək etiraz səsini hər gün daha da yüksəldəcək. Bu vəziyyət, türk millətinin hüquqları təmin olunanadək davam edəcək.”
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed