Şrift:
Əli Həsənov İranın xarici işlər nazirinin çağırışında təhdidlərin olmasından təəssüf etdiklərini bildirib
25.05.2012 [10:42] - Siyasət
Azərbaycan hakimiyyəti İranın xarici işlər naziri Əli Əkbər Salehinin müraciəti ilə diqqətlə tanış olub. Azərbaycan çoxdandır ki, İranın rəsmi dairələrindən belə bir açıqlama gözləyirdi.

Bunu Trend-ə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

“Biz dəfələrlə İrana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə İranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan İrana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, İran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən son zamanlar İran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya (əksüləməl) verməlidir”, - Həsənov əlavə edib.

PA rəsmisi bildirib ki, Azərbaycan İslam dininin bütün müqəddəslərinə hörmət və sayğı ilə yanaşır və heç zaman Azərbaycanda imkan verilmir ki, İslam müqəddəslərinə qarşı hansısa çağırışlar, onların təlqin etdiyi İslam dəyərlərinə qarşı tədbirlər olsun.

“O cümlədən biz İranın ruhaniyyətinə qarşı da həmişə hörmətli, sayğılı davranmışıq. Amma əfsuslar olsun ki, İran ruhaniyyətinin bəzi nümayəndələri son zamanlar Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya (anayasa) quruluşuna, Azərbaycan xalqına, Azərbaycanın Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verirlər, çağırışlar edirlər, şüarlar səsləndirirlər. Biz də İran tərəfindən bu çağırışlara münasibət gözləyirik. Biz də gözləyirik ki, İranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar versinlər, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparsınlar. Əlbəttə, biz İran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orada İran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz İran tərəfdən də gözləyirik. İran hakimiyyətinin Azərbaycan dövlətinə, xalqına, Konstitusiya quruluşuna qarşı çevrilmiş çağırışlara da adekvat (yetərli) qiymət verməsini gözləyirik”, - Həsənov əlavə edib.

PA rəsmisi Salehinin çağırışında bəzi təhdidlərin olmasına təəssüf etdiklərini bildirib.

“Azərbaycanı bu cür təhdidlərlə nə qorxutmaq olar, nə də onu haqq yolundan döndərmək, onun xalqını iradəsindən daşındırmaq olar. Azərbaycan dövlətinin iradəsi onun xalqının iradəsinə söykənib və bu iradəni heç kim qıra bilməz, heç kim də buna qarşı hər hansı təhdidlər irəli sürə bilməz”, - Həsənov qeyd edib.

Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi ötən gün keçirdiyi mətbuat konfransında son günlər İranla Azərbaycan arasında yaranan gərginliyə münasibət bildirib.
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed