Şrift:
Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı Avropa Şurasına cavab verib
30.11.2017 [10:46] - Siyasət
Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla bağlı qərarına rəsmi cavab verib.

Bu barədə REAL Hərəkatının rəhbərlərindən biri, hüquqşünas Erkin Qədirli Facebook səhifəsində qeyd edib.

O yazıb ki, Azərbaycan hökumətinin cavabında bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması barədə tələb olmadığından hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə olunub ki, hökumət məhkəmənin İ. Məmmədovla bağlı qərarına uyğun olan lazımi tədbirləri görəcək.

Qeyd edək ki, Avropa Şurasının Nazirlər Komitəsi oktyabrın 25-də İlqar Məmmədovun işi ilə bağlı qərar qəbul edib. Qərara əsasən AŞ NK Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsində əksini tapmış öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Qərarda deyilir ki, Azərbaycan məsələyə dair öz mövqeyini ən gec noyabrın 29-na qədər bildirə bilər. Konvensiyanın 46.4 maddəsi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkənin AŞ-dən çıxarılması məsələsinə baxıla biləcəyini nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed