Şrift:
5 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib
12.06.2012 [11:03] - Gündəm, Hüquq
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) uzunmüddətli başçəkmə həyata keçirib.
Ombudsman Aparatından verilən məlumata görə, müəssisə rəhbərliyi tərəfindən MPM qrupu üçün lazımi şərait yaradılıb.

Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.
MPM Qrupu həmin müəssisəyə hələ 2011-ci ilin may ayında keçirdiyi başçəkmə zamanı verilmiş bir sıra tövsiyələri də nəzərə almaqla, Ədliyyə Nazirliyinin tapşırığı ilə bu müəssisədə görülmüş işləri müsbət qiymətləndirib.
Məhkumların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb, həmçinin yataqxanalara plastik pəncərələr qoyulmuş, karantin otağı təmir edilib. Cərimə təcridxanasında isə təmir işləri hazırda davam etdirilir. Bundan əlavə, elektrik xətləri tam dəyişdirilib, içməli su anbarına təmizləyici filtr quraşdırılıb.
Müəssisədə təklikdə qəbul edilmiş 30-dək məhkum, o cümlədən cərimə təcridxanasındakı 7 şəxs saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyib.
Eyni zamanda qeyd olunmalıdır ki, tibb hissəsindəki şərait MPM qrupunu qane etməyib.
Ombudsman başçəkmənin nəticələri ilə bağlı Ədliyyə nazirinə məktubla müraciət edib.
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed