Şrift:
ABŞ-da Azərbaycan-Amerika Musiqi Fondu təsis edilib
19.01.2018 [10:55] - Mədəniyyət
2018-ci ilin yanvarında Birləşmiş Ştatlarda Azərbaycan-Amerika Musiqi Fondu təsis edilib. Təşkilat ABŞ-Azərbaycan mədəni münasibətlərinin inkişafına töhfə verməyə hazırlaşır. Fondun təsisçiləri hesab edirlər ki, musiqi sahəsində əməkdaşlıq etməklə iki ölkənin musiqisinin öyrənilməsi xalqlarımız arasında qarşılıqlı anlaşmanı daha da inkişaf etdirəcək. Qeyri-hökumət təşkilatı olan Fond iki ölkə arasında qarşılıqlı münasibətlərin qurulması və körpülərin salınması üçün vasitə olaraq musiqidən və musiqi təhsilindən istifadə etməyi nəzərdə tutur. Təşkilatın başlıca məqsədi Azərbaycan musiqisini və onun görkəmli nümayəndələrini ABŞ-da təbliğ etməkdir. Təşkilatın təsisçilərindən biri və icraçı direktoru, musiqi sənəti doktoru Cəmilə Cavadova-Spitsberqə görə, Fond Azərbaycan musiqisini amerikalı dinləyiciyə təqdim etməklə yanaşı, Amerika musiqiçilərin azərbaycanlı həmkarlarla əlaqələr yaratmasına kömək edəcək.

Qeyd edək ki, Azərbaycan-Amerika Musiqi Fondu böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100-cü ildönümü şərəfinə 2018-ci ili artıq “Qara Qarayev ili” elan edib. Təşkilat ABŞ-ın müxtəlif şəhərlərində Qara Qarayev irsinə həsr olunmuş tədbirlər və konsertlər keçirməyə hazırlaşır.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed