Şrift:
Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
15.05.2018 [10:54] - Gündəm, Borçalı
Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi digər sahələrdə də əməkdaşlığımızın genişlənməsi üçün geniş imkanlar açacaq. Bunun üçün parlamentlərarası dostluq qruplarının üzərinə böyük iş düşür.

Bu fikirlər Azərbaycanın və Gürcüstanın qanunverici orqanlarının parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin Tbilisidə keçirilən görüşündə səslənib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Əflatun Amaşov deyib ki, Azərbaycan tərəfi əlaqələrimizin hərtərəfli inkişafında maraqlıdır. Parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə böyük ehtiyac var. Gürcüstana səfərin əsas məqsədi də bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib ki, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığa dair müzakirə olunmalı çoxlu məsələlər var. Gürcüstan parlamenti hökumət üzvləri ilə bu məsələni müzakirə edib. Qərara gəlmişik ki, bu sahədə səylərimizi daha da artıraq. İnanırıq ki, bu əməkdaşlıq bütün sahələrdə münasibətlərimizin inkişafına və möhkəmlənməsinə xidmət edəcək.

Görüşdə iqtisadi-ticarət, mədəni və humanitar sahələrdəki vəziyyət, böyük “İpək Yolu”, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin əməkdaşlığımızın daha da genişlənməsinə, regional işbirliyinə və bölgədə təhlükəsizliyə töhfələri ətrafında fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 1554 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed