Şrift:
Şimali Qafqaz hökumətinin hərbi yardım üçün Osmanlıya müraciəti
18.05.2018 [10:50] - Xəbərlər, DAVAMın yazıları
Keçən əsrin əvvəllərində Çar Rusiyası dağıldıqdan sonra əsarətdə olan xalqlar, o cümlədən türk və digər müsəlman xalqları da öz hökumətlərini qurub müstəqil şəkildə yaşamağa qərar verdilər. Ancaq zəif olan bu hökumətlər özlərinə güclü bir arxa axtarışında idilər. Elə bu məqsədlə də Osmanlı dövlətinə məktubla müraciət edərək onlara arxa durmağa və silahlı dəstək göndərmələrini xahiş edirdilər. 1918-ci ildə müraciət edənlərin içərisində yenicə qurulmuş Şimali Qafqaz hökumətinin nümayənədələri də vardı.

Davam.az Enter.News-ə istinadən dr. Mustafa Görüryılmazın araşdırmalarından əldə etdiyi həmin mürciəti təqdim edir.

“Əzəmətli və yüksək sədrlik məqamına

Acizanə olaraq bildiririk ki:

Rusiyada zühur edən inqilab səbəbiylə Şimali Qafqazın müsəlman əhalisi, işləri idarə etmək üçün ümumxalq səsverməsi ilə bir hökumət təşkil etmiş və millətin əksəriyyətinin səsinə istinad edən bu hökumət, məmləkətin tarixi sərhədləri daxilində istiqlalını elan və bu barədəki rəsmi sənədləri yaxın zamanda Osmanlı hökumətinə və digər hökumətlərə təqdim etmişdir.

İndi bu surətlə hal-hazırkı və gələcək müqəddaratının sövq və idarəsini öz qüdrət əlində toplamış olan Şimali Qafqazın müsəlman əhalisi, məmləktin səadət və rifahının təmini və istiqlal duyğusunun təhriki ilə, İslamiyyət cəhətindən müqəddəs bir bağla bağlanmış olduğu böyük İslam Xilafəti və Osmanlı Səltənəti ilə bir dostluq ittifaqına girmək tələbi ilə iftixar etməkdədir. Ancaq Rusiyada hökumət bolşeviklərin əlinə keçdiyi gündən etibarən, adı çəkilənlərin elan və iddia etdikləri kimi məmləkətə səadət və rifah gətirməkləri bir yana qalsın, əski imperatorluğun bütün ərazilərini qan və iğtişaş içinə atdıqları və bu zülm alovlarının Cənubi Qafqazın Bakı və ətrafında olduğu kimi, Şimali Qafqazın bütün məntəqələrinə sirayət etdiyi və altı aydan bəri müsəlmanların yaşadıqları bütün yerləri və xüsusilə Terek vilayətini məhv və talan etmək məqsədi güdən bir çox quldur dəstəsinin hücumları bütün dünyanın bildiyi bir həqiqət olduğundan, həmvətənlərimizin can və məl əmniyyəti üçün arzu etdiyimiz dostluq müqaviləsinin rəsmi və qəti bir şəkil almasını gözləməyə vaxt və imkan verməməkdə və Osmanlı hökumətindən dərhal hərbi və siyasi yardım istəməyə sövq etməkdədir. Həqiqətən Şimali Qafqaz hökumətinin hələ çox təzə olan hərbi təşkilatının qeyri-mükəmməl və əldə mövcud silah və cəbbəxanasının bəlanı dəf etmək üçün yetərsiz bir dərəcədə olması, qədimdən bəri bağlı olduğumuz Xilafət və Osmanlı hökumətinin belə haqlı bir tələbi belə tarixi bir gündə rədd etməyəcəyini zənn etmək üçün kafi bir dəlil olmaqla, hər nə surət və yolla olursa olsun, yetərli dərəcədə nizamlı və silahlı bir hərbi qüvvənin dərhal Şimali Qafqaza gəlməsini və aşağıda imzası olan, hökumətimizin tam səlahiyyət verdiyi və etimad göstərdiyi, Şimali Qafqazın müsəlman əhalisinin səmimi məqsədlərini dilə gətirən nümayəndələrin, hadisələrdən lütfən xəbərdar edilməsini əraz və xahiş edirik. Bu xüsusda qərar və fərman, əmr sahibinindir.

Dərsəadət, 12 may 1334

Şimali Qafqaz hökuməti nümayəndəsi Heydər Bammatov yerinə Mehmet Kari

Şimali Qafqaz hökuməti nümayəndəsi Əbdülməcid Şermiyev”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed