Şrift:
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar
03.09.2018 [10:19] - Gündəm, Hadisə
Sentyabrın 2-4-də İran İslam Respublikasının paytaxtı Tehranda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclası işə başlayıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun iclasdan əvvəl Monqolustanın “Montsame” Milli Xəbər Agentliyinin informasiya texnologiyaları və istehsalı şöbəsinin müdiri Onan Daşdorj, Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nguyen Duk Loi, İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və Koreya Respublikasının Yonhap Agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq ilə görüşləri olub.

Görüşlərdə AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Agentliyin irəli sürdüyü bir sıra təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin OANA-nın daimi katibliyinin, təlim akademiyasının, qurumun maliyyə vəsaitinin düzgün yönləndirilməsi üçün komissiyanın yaradılmasının, foto və digər müsabiqələrin keçirilməsinin vacibliyi barədə razılığa gəlinib.

Monqolustanın “Montsame” Milli Xəbər Agentliyinin şöbə müdiri Onan Daşdorj 2021-ci ildə “Montsame”nin 100 ilik yubileyinin qeyd olunacağını bildirib və bununla əlaqədar OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2020-ci ildə Ulan-Batorda keçirilməsini kömək göstərilməsini xahiş edib.

Vyetnam Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi ilə keçirilən görüşdə AZƏRTAC ilə VNA agentliyi arasında qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. Nguyen Duk Loi bildirib ki, Vyetnam hökuməti OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2019-cu ildə Xanoyda keçirilməsini təklif edir.

İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşimi ilə görüşdə 2022-ci ildə bu agentliyin OANA-nın prezidentliyinə namizədliyinin irəli sürməsi məsələsi müzakirə edildi. Seyid Ziya Haşimi əmin olduğunu bildirib ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti bu məsələdə onlara dəstək verəcək.

Sonra Aslan Aslanov Koreya Respublikasının Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Kim Jinhyunq ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xanim Kim Jinhyunq 2019-cu ildə OANA-nın Baş Assambleyasının Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirib.

Görüşlərdə OANA-nın prezidentinin təkliflərinin qurumun fəaliyyətinin həqiqətən təkmilləşdirlməsinə böyük töhfə verəcəyi vurğulanıb və irəli sürülən bu təkliflərin iclasda dəstəklənəcəyi qeyd olunub.

Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed