Şrift:
Murmanskda Azərbaycan Konstitusiyası Gününə həsr edilmiş sərgi açılıb
14.11.2018 [11:05] - Diaspor
Murmanskdakı “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi məlumata görə, bu şəhərdə “12 noyabr - Azərbaycan Konstitusiyası Günüdür” adlı sərgi açılıb.

Murmanskda fəaliyyət göstərən “Azərbaycan” milli-mədəni muxtariyyəti tərəfindən təşkil edilmiş tədbirdə Dünya Azərbaycanlılarının III Qurultayının nümayəndəsi və Murmansk vilayət İctimai Palatasının üzvü Afil Hüseynov çıxış edib. O, Azərbaycan Konstitusiyası Gününün təsis edilməsinin tarixi barədə məlumat verib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Konstitusiyası Günü 1996-cı ildə təsis edilib. Bu günün təsis edilməsi barədə Sərəncam 1996-cı il fevralın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanıb.

Müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilib. Elə həmin gün Milli Məclisə (Azərbaycan Respublikasının parlamentinə) ilk seçkilər keçirilib.

Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də IX çağırış Ali Sovetin VII növbədənkənar sessiyasında qəbul edilib. Azərbaycan SSR-in əvvəlki konstitusiyaları kimi, bu sənəd də əslində SSRİ Konstitusiyasını əks etdirirdi.

1991-ci ildə Azərbaycan müstəqil dövlət oldu və tamamilə yeni Əsas Qanuna ehtiyac yarandı. İndən belə ölkə bu əsas qanun üzrə yaşamalı idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və yeni Konstitusiyanın layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumunun qərarı ilə qəbul edildi.

“12 noyabr - Azərbaycan Konstitusiyası Günüdür” adlı sərgi tədbirə gələnlərin böyük marağına səbəb olub. Burada Azərbaycan və azərbaycanlılar haqqında fotoşəkillər, kitablar, disklər, qəzetlər və jurnallar nümayiş etdirilir.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed