Şrift:
AXC Amerika üçün niyə əhəmiyyətli deyildi?
26.12.2018 [10:22] - Xəbərlər, DAVAMın yazıları
26 il əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın ABŞ-la əlaqələrinin tarixi hələ ötən əsrin əvvəllərindən başlayır. 1918-ci il mayın 28-də müstəqilliyi elan ediləndən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC ) qurucuları cümhuriyyətin tanıdılması və əməkdaşlıq etmək üçün, ABŞ da daxil olmaqla, dünyanın aparıcı dövlətlərinə müraciət ünvanlamışdılar.

ABŞ-la ilkin əlaqələrin yaranması Fransada keçirilən Paris Sülh konfransına təsadüf edir. Konfrans ərəfəsi, yəni 1919-cu il yanvarın 11-də AXC-nin Parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu de-fakto tanıtmaq üçün konfransın iştirakçısı olan dövlətlərin təmsilçiləri ilə görüşlər keçirir, dünyanın aparıcı dillərində məlumatlar yayırlar. Azərbaycan təmsilçilərinin ABŞ Prezidenti Vudro Vilsonla görüşmək arzusu isə yalnız Parisə gəldiklərindən 3 ay sonra reallaşa bilir.

Həmin görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, Vudro Vilson onları əmin edərək deyir: "...bundan sonra Azərbaycan xalqı öz azadlığını və müstəqilliyini qoruyub saxlamaq işində Amerikanın köməyini və yardımını alacaq."

Əlimərdan bəy Topçubaşov isə öz çıxışında Vilsona müraciətlə deyir:

“Biz bura uzaq ölkədən, minlərlə mil uzaqda yerləşən Qafqaz Azərbaycanından gəlmişik. Siz bu gün bizim müraciət etdiyimiz güclü Amerikanın liderisiniz. Biz dövlətlər arasında sülhün yolunu göstərən və böyük iradə ortaya qoyan bir insanla şəxsən görüşməkdən məmnunuq. Bu iradə iki ölkəni - yüz illərlə daha güclü qüvvələrin boyunduruğu altında əzilən və təhdid edilən Azərbaycanla Gürcüstanı yeni həyata ruhlandıracaq”.
Topçubaşov Sülh konfransında səslərinin eşidiləcəyini və ABŞ-n rəhbər tutduğu prinsipləri əsasında, eyni hüquqlarla Dövlətlər Liqasına qəbul ediləcəklərinə ümidli olduqlarını da qeyd edir.
Bu görüşdən sonra Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edilir. Vilson çıxışında deyir ki, Azərbaycan nümayəndələri Versal (Paris) Sülh Konfransına buraxılsınlar və Ə.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi tanınsın. Bu, AXC üçün çox mühüm bir irəliləyiş idi.

1920-ci il yanvarın 11-də Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Paris Sülh Konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul edir. Beləliklə, ABŞ AXC-ni müstəqil bir dövlət kimi tanıyır və tezliklə Bakıda, “Krasnovodskaya küçəsi 8” ünvanında öz nümayəndəliyini açır. Nümayəndəliyə Birləşmiş Ştatların vitse-konsulu Randolf rəhbər təyin edilir.

Bəs ABŞ üçün Azərbaycan nə dərəcədə əhəmiyyətli bir ölkə idi?

ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds (Michael A. Reynolds) hesab edir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması o zaman üçün çox əlamətdar və böyük hadisə idi.
Professor Modern.az saytına müsahibəsində qeyd edib ki, buna baxmayaraq, AXC bir növ diqqətdən kənarda qalmışdı. Bunun əsas səbəbi isə o idi ki, həmin dövrdə bu cür demokratik respublikanın yaranacağı gözlənilmirdi: “AXC-nin yaranması gözləntilərlə ziddiyyət təşkil edirdi.

O zaman Birinci Dünya Müharibəsi yenicə başa çatmışdı. Bu müharibə bəşəriyyətin ən faciəvi səhifələrindən biri idi. Həmin vaxt Azərbaycanın yerləşdiyi coğrafi mövqedə nə baş verirdi? Gəlin baxaq, Birinci Dünya Müharibəsi bolşevizmin yaranması ilə nəticələndi. Digər tərəfdən də faşizm və nasizm kimi ifrat cərəyanların yaranması baş verdi. Belə bir kontekstdə Azərbaycan Cümhuriyyətinin Parlamentli respublika kimi yaranmasını heç kim gözləmirdi”.

Maykl Reynoldsa görə, ABŞ-ın o zamanlar regionda, Azərbaycanda böyük marağı yox idi. Düzdür, ABŞ AXC-nin süqutunu istəmirdi və buna səbəb olacaq hər hansı addım atmamışdı, amma Birləşmiş Ştatlar eyni zamanda AXC-yə mövcudluğunu davam etdirməsi üçün yardım da etməmişdi.

23 aylıq mövcudluğundan sonra, 1920-ci il aprelin 27-ə AXC, digər Cənubi Qafqaz ölkələri kimi, Sovet Rusiyası tərəfindən işğal olundu. Cümhuriyyət rəhbərləri, fəalları, ictimai-siyasi xadimlər, ziyalılar, azadlıq carçıları ya öldürüldü, ya da təqib və repressiyalardan xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qaldılar. Bu insanların əksəriyyəti sonralar da öz amallarından əl çəkmədilər, mühacirətdə Azərbaycanın müstəqilliyinə yenidən nail olmaq üçün ölənə qədər müxtəlif yollarla Sovet İmperiyasına qarşı mübarizə apardılar.

Onlar harda və necə mübarizə aparırdılar?

Qlobal Təhsil üzrə fəlsəfə doktoru Ceyms Koyl (James Coyle) deyir ki, ABŞ-ın Sovet dövründə AXC fəalları ilə əlaqəsi olmayıb. Çünki 1920-ci ildə Azərbaycan öz müstəqilliyini itirəndə ilk olaraq Azərbaycan SSR yarandı, sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) bir hissəsinə çevrildi.

1936-cı ilin dekabr ayında, ZSFSR dağıldıqdan sonra Azərbaycan SSR yenidən bərpa edildi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bütün bu subyektləri kommunist rəhbərliyi altında Rusiyanın, daha sonra isə Sovet İttifaqının alt bölməsi kimi qiymətləndirib. Amerikalı jurnalist və yazıçı Tomas Qoltsa görə, (Thomas Goltz) heç şübhə etmədən demək olar ki, “ABŞ-Azərbaycan əlaqələri olub” ifadəsini 1918-i ildən bu günə kimi bütün zamanlar üçün işlədə bilərik.
AXC süqut etdikdən sonra Azərbaycan mühacirləri əsasən Avropaya axışmağa başlayırlar. Çünki sovet hökuməti 1921-ci ilin oktyabr ayında bütün mühacirləri milliyətindən məhrum etmiş və beləliklə, milyonlarla adam qanuni mövcudluq hüququnu itirmişdi.

İkinci Dünya Müharibəsi zamanı SSRİ-yə qarşı mübarizə aparan mühacirlərə həm də öz fikirlərini ictimaiyyətə demək üçün geniş auditoriya, tribuna lazım idi.

Bu tribuna “Amerikanın səsi” və “Azadlıq” radioları oldu

1946-cı ilin martında ABŞ-da səfərdə olan Böyük Britaniyanın baş naziri Uinston Çörçil Fulton şəhərində Vestminister kollecindəki toplantıda “Dünya müharibəsindən sonra” mövzusunda çıxış edərkən SSRİ-ni insan haqlarının pozulduğu qorxunc ölkə, “xalqlar həbsxanası” adlandırır. Çörçilin “Fulton çıxışı”ndan sonra SSRİ-yə qarşı soyuq müharibə başlayır və bu müharibədə əsas rollardan birini media oynayır.
Beləliklə, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Amerikanın səsi” radiosu SSRİ-yə qarşı soyuq müharibədə aparıcı rol qazanır. 1947-ci il fevralın 17-də Amerikanın səsi radiosunun rus redaksiyası fəaliyyətə başlayır, 1953-cü il martın 1-də isə Azadlıq radiosu SSRİ-nin bütün respublikalarının dilində verilişlər yayımlayır. Bu illər ərzində mühacir həyatı yaşan Azərbaycan ziyalıları bir-biriylə sıx əlaqə saxlayır və öz məqsədlərini həyata keçirmək istiqamətində fəaliyyət göstərirdilər. 1953-1954-cü illərdə Azərbaycan redaksiyasının ilk baş redaktoru, mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski sovet hökumətinin işğalçılıq siyasəti əleyhinə kəskin verilişlər hazırlayır və cəmiyyətə mesajlar verir:
“Əziz həmvətənlər! Siz öz azad həmvətənlilərinizin azad dünyadan səsini eşidirsiniz”. Ə.Fətəlibəyli verilişin sonunu bu sözlərlə bitirirdi: “Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum edib Bütün dünyanın azad xalqları ilə birgə bu hökm yerinə yetiriləcək və vahid azad dünya yaradılacaq”
Avropa ölkələrindən fərqli olaraq, Amerikada yaşayan mühacirlər azlıq təşkil edirdi. Tomas Qolts da təsdiq edir ki, onların çoxu Fransa və Türkiyəyə gediblər, az sayda mühacir ABŞ-a üz tutub. ABŞ Konqresinin maliyyələşdirdiyi “Azad Avropa”/ “Azadlıq” radiolarının Münhendə fəaliyyət göstərməsi də təsadüfi deyildi. Çünki Avropada antikommunizmin ən fəal müdafiəçiləri və yaradıcıları məhz keçmiş Almaniya Federativ Respublikasında (AFR) qərar tutmuşdular.

Burada sosialist ölkələrinin həyatını öz məqsədlərinə uyğun şəkildə öyrənən 100-ə qədər müxtəlif mərkəz işləyirdi. Avropada sığınacaq tapmış yaradıcı adamlar “Azadlıq” radiosu ilə fəal əməkdaşlıq edirdilər. Radiodakı çıxışlarına görə vətəndə onları “xain” adlandırırdılar, amma bu “xainlər” efirdə Azərbaycanın taleyi, onun sovetlər tərəfindən istismarı barədə ürək yanğısı ilə danışır, öz həmvətənlərini sovet rejimi ilə gizli mübarizəyə çağırırdılar.
Türkiyə və Avropada məskunlaşmış bir çox istiqlal mücahidləri “Azadlıq” radiosunda çıxış edərək, Sovet Azərbaycanında kommunizm “laylası” ilə mürgüləyən soydaşlarına Azərbaycan Milli Hökumətinin tarixi xidmətləri, rus şovinist siyasətinin mahiyyəti haqqında danışırdılar. Radiolarda çalışan jurnalistlərin - yəni legioner və mühacirlərin sayı durmadan artırdı.
Mühacirət məsələsinə gəlincə, ABŞ hakimiyyəti sosializmə qarşı mübarizədə mühacirləri əvəzsiz vasitə sayaraq, onlara öz dəstəyini əsirgəməmişdi.
Sovet imperiyasının əsarətində olan xalqların dilində yayımlanan verilişləri mühacirlərin aparması çox əhəmiyyətli idi. Çünki ana dilində ölkəsi, yaşayışı haqqında səslənən informasiyalar insanların düşüncəsinə daha çox təsir edirdi. Bir sözlə, “Azadlıq radiosu” qısa müddətdə Azərbaycanın siyasi mühacirləri üçün həm də əlverişli tribunaya çevrilmişdi.
Həmin illərdə AXC-nin banisi və yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın səsi” radiosundakı çıxışını yeganə tarixi sənəd hesab etmək olar. Rəsulzadənin 1953-cü ildə Azərbaycan xalqına etdiyi həmin müraciəti hər il mayın 28-də “Amerikanın səsi” ilə yanaşı, “Azadlıq” radiosunun efirindən də səsləndirilirdi. Hətta ənənəvi olaraq radiolarda hər il mayın 28-i Azərbaycanın müstəqilliyi ilə bağlı silsilə verilişlər hazırlanırdı.

1980-ci illərin ortalarında SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun həyata keçirdiyi siyasi kurs nəticəsində imperiya öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Qorbaçovun “Aşkarlıq və yenidənqurma” adlandırdığı bu siyasi prosses SSRİ daxilindəki respublikalarda milli azadlıq hərəkatını get-gedə gücləndirir, nəticədə Azərbaycan siyasi mühacirətinin fəaliyyətində də canlanma yaranır.
“Amerikanın səsi” radiosu azadlığın ifadəsi, azad sözün ortaya çıxması üçün bir imkan idi. Efirin müxtəlif texniki vasitələrlə əngəllənməsinə, dalğaların vurulmasına baxmayaraq, insanlar gecə saatlarında xəlvətcə xışıltılı dalğaların arasından “Amerikanın səsi”ni tapıb qulaq asır və azadlıq havasını bu radionun vasitəsilə duymağa çalışırdılar. 1988-ci ilin noyabrın axırlarında SSRİ “Azad Avropa”/ “Azadlıq” radiolarının efirdə vurulmasını dayandırır. Məhz bundan sonra Sovet İttifaqı ərazisinə, onun ucqarlarına belə maneəsiz yayılan bu radiostansiyaların verilişlərində sovet siyasi sisteminin çürüklüyü, onun perspektivsizliyi, insan hüquqlarının pozulması, millətlərin istismarı, sosial-hüquqi bərabərsizliklər məsələsi daha geniş, daha kəskin şəkildə işıqlandırılır.

XX əsrin son onilliyində keçmiş SSRİ məkanında müstəqillik uğrunda mücadilə başlayan zaman “Azadlıq”, “Amerikanın səsi” digər sovet respublikaları kimi Azərbaycan üçün də əsas informasiya mənbələrindən idi. Bu radiolar həmin ərəfədə susmur, reportajlar səsləndirir və hadisələrə açıq-açığına müdaxilə edirdiər, artıq 1990-cı ildən etibarən radiolar Azərbaycandan, elə birinci mənbədən operativ, dolğun məlumatlar yaymağa başlayırlar.

1990-cı ilin qanlı 20 Yanvar faciəsi zamanı (SSRİ ordusu bu quruma qarşı çıxan minlərlə insanı məhv edir) Azərbaycan dünyadan təcrid edilmiş, informasiya blokadasına salınmışdı. O günlərdə uzaqlardan - məhz “Azadlıq” və “Amerikanın səsi” radiolarının fədakar fəaliyyəti sayəsində SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə DTK-nın Azərbaycan ətrafında yaratdığı informasiya blokadası dağıdılır.

“Azadlıq” radiosunun 20 yanvar faciəsi ilə bağlı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti baş verənlərdən xəbərdar edir. Qorbaçov Bakıda öz qanlı niyyətini “uğurla” sona çatdıra bilmir, Kreml ifşa olunur. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi Azadlıq radiosundan ABŞ hökumətinə rəsmən şikayət edir.

Nəhayət, 70 il mövcud olan və “xalqlar həbsxanası” adlandırılan SSRİ dağılandan sonra Azərbaycan 1991-ci ilin oktyabrın 18-də ikinci dəfə öz müstəqilliyinə qovuşur. ABŞ 23 yanvar 1992-i ildə bir əsrdə ikinci dəfə Azərbaycanın müstəqilliyini tanıyır və 26 ildir iki ölkə arasında münasibətlər bərabərhüquqlu tərəfdaşlıq əsasında davam edir.

Almaz Mahmud (Nəsibova)
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed