Şrift:
Yavuz Sultan Səlimin Səfəvi dövlətinə hücumunun əsl səbəbi Məmlüklü hökmdarına yazılan tarixi məktubda
27.12.2018 [10:17] - Gündəm, DAVAMın yazıları
Yavuz Sultan Səlim Misir Məmlüklü hökmdarı Tomanbayı özünə itaət etdirmək üçün ona bir məktub yazır. Məktubu alan məmlüklü hökmdarı, Yavuzun şərtlərini qəbul etmək istəsə də, ətrafında olan əmirlər onun bu istəyinə qarşı çıxıb, təklifi rədd edirlər. Çünki Məmlük bəyləri Osmanlı ordusunun Sina çölünü keçib Misirə gələ biləcəyini düşünmürdülər. Bu arxayınçılıqla da sultanın təklifini rədd edirlər. Təklifin rədd edilməsi və elçilərə qarşı olan rəftar Yavuz Sultan Səlimin Misirə səfər etməsinə bir bəhanə oldu... Məmlüklü hökmdarına yazılan həmin tarixi məktubu təqdim edirik:

“Əsl məqsədimiz İrana (məktubu əldə etdiyimiz mənbədə Səfəvi dövləti yox, məhz İran kimi qeyd edilib - R.S.) yürüş etmək və orda əhli-sünnət etiqadını yerləşdirməkdir. Bu niyyətlə də yola çıxdım. Fəqət Kansu Qavri pis bir niyyətlə yoluma çıxdı. Əgər sən də Misir hökmdarı olaraq qalmaq istəyirsənsə, Misirdə xütbəni bizim ünvanımıza oxutmalı və adımıza sikkələr basdırmalısan. Hüzuruma gəlib itaətini bildirməli, bundan başqa bizim naibimiz və təmsilçimiz olaraq məmləkəti də idarə etməlisən. Əks təqdirdə tökülən günahsız müsəlman qanının məsuliyyəti sənin boynunda olacaq. Bununla özünə də pislik etmiş olacaqsan. Bütün müsəlman şəhərlərini, xüsusən Haremeyn-i Şerifeyn-i himayəm altına alaraq onlara xidmət etmək istəyirəm. Çünki dinimizin əmrlərini yerinə yetirmək ancaq bu qayda və üsul ilə mümkündür.
Nisa surəsinin 59-cu ayəsində “Ey iman edənlər, Allahu Təalaya itaət edin, Peyğəmbərlərə və sizə rəhbərlik edənlərə də itaət edin” buyurulur. Sizin də bu ayəyə uyğun olaraq davranmanızı və itaət etməyinizi istəyirəm. Hüzuruma gəlib itaət edin. Ətrafınızın qısqanclığına səbəb olacaq iltifat və diqqət görəcəyinizdən əmin olmalısınız. Mənim fikrimə gəlincə, o tərəflərə gəlməyi planlaşdırmışam. Bunun üçün dəniz və quru qoşunlarım hazır vəziyyətdədir. Əgər təklifimin əksinə hərəkət etsəniz, bunun nəticəsi ağır olacaq.

Bunları əvvəlcədən sizə yazmaqda məqsədim İsra surəsinin on beşinci ayəsinin şərtlərinə əməl etməkdir: “Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik.” Onu da biləsən ki, sizə qarşı şəfqətli və mərhəmətli olmağım bu məktubu yazmağa səbəb oldu.”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed