Şrift:
Yeni assosiasiya Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa xidmət edəcək
02.03.2019 [10:33] - Gündəm, Siyasət
Tokioda yaradılan yeni assosiasiya Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Tokionun məşhur əyləncə mərkəzi kimi tanınan Şibuya rayonunda Azərbaycan haqqında təqdimat və yeni assosiasiya barədə məlumat yapon iş adamları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamları iştirak ediblər.

Əvvəlcə tədbirin təşkilatçısı, yeni təsis edilən Yaponiya-Azərbaycan Assosiasiyasının direktoru Keniçi Yamamoto görüşün məqsədi barədə məlumat verib.

Bildirib ki, son vaxtlar Azərbaycanın adı Yaponiyada çox məşhurlaşıb, müstəqilliyini bərpa etdikdən sonra bu ölkənin əldə etdiyi uğurlar, sürətli və dinamik inkişaf yapon iş adamalrının da diqqətini cəlb edib. Qeyd edib ki, regionun lider dövlətinə çevrilən Azərbaycan ilə Yaponiya arasında münasibətlərin yüksək səviyyədə olması, bu iki ölkənin iş adamları arasında da iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Məhz buna görə də Tokioda yeni assosiasiyanın yaradılması barədə qərar qəbul olunub.

Tokioda yaşayan həmyerlimiz, assosiasiyanın sədr müavini Fuad Bağırova ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, dövlət atributları, müasir iqtisadi nailiyyətləri barədə geniş məlumat verib.

Azərbaycanın dövlətçilik tarixinə toxunan sədr müavini ötən il yaradılmasının 100 illiyi geniş qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti barədə danışıb. Cümhuriyyətin 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğunu, bir çox Avropa və Asiya ölkələrindən qabaq burada qadınlara səsvermə hüququnun verildiyini bildirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın böyük nailiyyətidir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əvvəlcə ümummili lider Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən müxtəlif layihələr barədə danışılıb.

Tədbirdə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları barədə də qeyd olunub. Formula-1 Qran-Prisi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə təşkil edildiyi vurğulanıb və bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhəmiyyətli tövsiyələri diqqətə çatdırılıb.

Ölkəmizin iqtisadi göstəriciləri, makroiqtisadi durumu, daxili və xarici investisiyalar, ticarət dövriyyəsi haqqında danışan F.Bağırov Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə 138 ölkə arasında 37-ci pilləyə, Dünya Bankının “Doing Business” hesabatında isə 190 ölkə arasında 57-ci pilləyə yüksəldiyini bildirib.

Həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri barədə danışan həmyerlimiz bunun nəticəsində Azərbaycanın tranzit ölkə kimi imkanlarının xeyli genişləndiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan F.Bağırov Ermənistan rəhbərliyinin və ona himayədarlıq edən qüvvələrin münaqişənin həllinə maneçilik yaratdığını, cəbhədə müxtəlif təxribatlar törətdiyini bildirib.

Təqdimatın sonunda Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan həmyerlimiz iki ölkə arasında münasibətlərin iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahələrində inkişafından bəhs edib. Deyib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. “Silk Way West” şirkətinin Yaponiyada fəaliyyəti və uçuşları haqqında da iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin yekununda yapon iş adamalarının sualları ətraflı cavablandırılıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed