Şrift:
Ermənistan İsrail-Azərbaycan dostluğuna qarşı pozucu planları işə salır...
11.03.2019 [11:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Çoxlu dost qazanmaqla, düşmənləri azaltmaq istiqamətində iş görürlər”

Fərəc Quliyev: “Ən düzgün cavab isə bizim İsraildə səfirlik açmamız olar”

Ermənistanın xarici işlər nazirinin köməkçisi Qriqor Hovannisyan “Yerusəlim Post” qəzetinə açıqlamasında İsraildə səfirlik açmağı planladıqlarını vurğulayıb. Erməni mətbuatının verdiyi məlumata görə, nazirlik rəsmisi qeyd edib ki, bu addımı atmaqda məqsədləri İsrail-Ermənistan münasibətlərini yeni mərhələyə çıxarmaqdır.

XİN rəsmisi səfirliyi Qüds şəhərində deyil, İsrailə məxsus digər bir şəhərdə də aça biləcəklərini qeyd edib və bildirib ki, İrəvan səfirliyin məhz Qüds şəhərində açılmasında israrçı deyil.

Hovannisyan İsrailin Azərbaycana silah satması məsələsinə də toxunub və açıq şəkildə qeyd edib ki, İrəvan İsrailin Bakıya silah satmamasını arzulayır.

Qeyd edək ki, İsrail Azərbaycana strateji tərəfdaşı olan ölkə sayılır. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İsrail hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Bizim İsraillə münasibətlərimiz ən vacib sahələr üzrə də uğurla inkişaf edir. Bəzi obyektiv səbəblərə görə Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərmir. Ancaq İsrailin Azərbaycanda diplomatik korpusu var. Maliyyə çatışmazlığını əsas gətirərək, dünyanın əksər ölkələrində səfirliklərini bağlayan Ermənistan maraqlıdır ki, birdən-birə məhz İsraildə səfirlik açmaq kimi eşqə düşüb.

Əslində, Ermənistanın İsraillə diplomatik münasibətləri hansı məqsədlə genişləndirmək istəyi bizə aydındır və bu, sırf Azərbaycan faktoru ilə bağlıdır. Görünən odur ki, Ermənistan İsraillə münasibətləri inkişaf etdirməklə yanaşı, həm də bu münasibətləri Azərbaycanın əleyhinə yönəltməyi planlaşdırır. Digər vacib məqam isə bundan ibarətdir ki, Ermənistan həmin səfirliyi Qüdsdə deyil, başqa şəhərdə açmaq istəyir. Burda da erməni hiyləgərliyi görünür. Bilirlər ki, səfirliklərini Təl-Əvivdən münaqişəli Qüds şəhərinə köçürən ölkələrə ərəb ölkələrinin əksəriyyətinin münasibəti pis olur. Ermənistan səfirlik açmaq niyyətinin həm də özünə qarşı yönəlməsinin qarşısını qabaqcadan almağı bu yolla planlayır. Ən maraqlısı isə budur ki, Azərbaycanın yaxın dostu olan İsrail dövləti Emənistanın səfirlik açmasına yaşıl işıq yandırarmı?

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, dövlətlərarası münasibətlərə aid olan məsələdir: “Əslində, Ermənistan öz maraqları çərçivəsində normal gediş edir. Azərbaycanın dostları ilə münasibəti dərinləşdirməklə siyasətin əlifbasına riayət edirlər. Çoxlu dost qazanmaqla, düşmənləri azaltmaq istiqamətində iş görürlər. İki dövlət arasındakı bu razılaşmanın qarşısını ala bilmərik. Amma mən dəfələrlə demişəm, bu gün yenidən vurğulayıram, Azərbaycanın İsraildə səfirlik açmasının zamanı çatıb. Hansı dövlətin qısqanmasından asılı olmayaraq, biz bu addımı atmalıyıq. Xüsusən də İranın mövqeyindən çəkinmək lazım deyil. Son zamanlar görürsünüz ki, Ermənistan-İran münasibətləri necə inkişaf edir. Az qala Xocalı soyqırımı günündə birlikdə bayram edirdilər. Suriya, Fələstin rəhbərliyi tərəfindən Qarabağı Ermənistan ərazisi kimi tanıma cəhdlərini görürük. Bu səbəbdən də biz kiminsə mənafeyini nəzərə almadan, sırf öz mənafeyimizdən çıxış edib, İsraildə səfirlik açmalıyıq. Ancaq diplomatik müstəvidə Ermənistanın həmin istəyinə mane olmaq cəhdlərini də etməliyik. Həmin ölkənin əsl iç üzünü açıb İsrailə diplomatik münasibətləri qurmamağı tövsiyə etməliyik. Ən düzgün cavab isə bizim İsraildə səfirlik açmamız olar”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed