Şrift:
Əli Xamneyi insanları daha çox uşaq dünyaya gətirməyə çağırıb: “Amerikada 1 ailənin 15-20 uşağı var”
06.08.2019 [09:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “dini lider”i Əli Xamneyi insanları dünyaya daha çox uşaq gətirməyə çağırıb.

O, bu fikirləri mart ayında cavan cütlüklərlə görüşü zamanı dilə gətirsə də, “dini lider”in bu sözləri son günlərdə mediada əks olunub.

Əli Xamneyi “islam cəmiyyətinin artması” üçün insanları daha çox uşaq dünyaya gətirməyə çağırıb. O qeyd edib ki, bu amil ölkənin güclənməsinə və söz sahibi olmasına səbəb olur. “Dini lider” bu xüsusda Çin və Hindistan kimi ölkələri nümunə göstərib.

Xamneyi çıxışı zamanı daha öncələr də ölkə əhalisinin artmasını, yəni insanların sayının 150 milyon nəfərdən çox olmasını istədiyini, lakin bunun reallaşmadığını dilə gətirib. “Dini lider” insanların və rəsmilərin onun dediklərinə qulaq asdığını və təsdiqlədiyini, amma əməl etmədiyini deyib. O əlavə edib ki, İranda “övlad sayının artırılmasını mədəniyyət kimi formalaşdırmalıyıq”.

“Amerikada bəzi ailələrin 15-20 övladı var, digərləri də onlara baxıb, bu işə təşviq olurlar. Heç kim də çox övladları olmasını həmin insanlara irad tutmur. Lakin növbə bizim ölkəyə çatdıqda, insanlar az övladları olmasına təşviq olunurlar”- deyə “dini lider” əlavə edib.

Qeyd etmək lazımdır ki, rəsmi statistikalara əsasən, Amerikada əhali orta hesabla 1-lə 9 arasında uşağa sahib olur. İranda isə bu rəqəm 1-lə 7 arasında dəyişir.

Digər tərəfdən, İran 1990-cı illərdə ölkə əhalisinin sayının azaldılması üçün “ailə planlaşdırılması siyasəti” yürüdürdü. Amma bu siyasətə 2000-ci illərdə son verilmişdi. Əli Xamneyi çıxışlarının birində ölkə əhalisinin sayının azaldılması siyasətinə razılıq verməsini böyük yanlış adlandırmışdı.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed