Şrift:
“Səməd Vurğun kürddür” iddiasına SƏRT CAVAB gəldi.
01.09.2012 [20:20] - Xəbərlər, Siyasət
“Yeni Müsavat” qəzetinin 18-21 avqust tarixli sayında “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanovla müsahibə dərc edilib. Müsahibədə T.Süleymanov “xalq şairi Səməd Vurğununun əsli-nəsli Diyarbəkirdən gələn kürddür” sözləri bu soyadı daşıyan, şairin şəcərəsindən olan qohumlarının narazılığına səbəb olub. Hazırda hüquqşünas işləyən, xalq şairinin ad və soyadını daşıyan Səməd Vəkilov redaksiyamıza T.Süleymanovun iddiası ilə bağlı yazılı cavab göndərib. Cavabı qısa ixtisarla dərc edirik.

“Səməd Vurğunun mənsub olduğu Vəkilovlar ünvanı bəlli türk kimliyi olan nəsildir. Bu nəslin ayrı-ayrı şəxsiyyətlərindən kürd xalqına saxta tarix düzəltmək cəhdi daha çox kürd deyil, erməni xislətindən xəbər verən bir xəstəlikdir. Azərbaycan xalqının tarixindən bixəbər olan separatçı "Diplomat" qəzetinin baş redaktoru T.Süleymanov Azərbaycan xalqının tarixi ilə çuğlaşmış Vəkilovlar nəslinin türk kimliyinə ləkə yaxmaqla kürd xalqına “tarix” düzəltməyə çalışıb.
T.Süleymanovun menyusuna: Səməd Vurğunun mənsub olduğu nəslin 500 ilə yaxın yazılı tarixi mövcuddur. Azərbaycanın son üç yüzillik tarixini Vəkilovlarsız təsəvvür etmək mümkün deyil. Azərbaycanın şərəf tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan Vəkilovlar yeganə nəsildir ki, cümhuriyyət parlamentində 4 deputatla təmsil olunub:

1) General İbrahim ağa Vəkilov - Azərbaycanın yeganə topoqrafiya generalı, Gəncənin general qubernatoru. AXC-nin müdafiə nazirinin müavini olub.

2) Mustafa bəy Vəkilov - Müsavatın liderlərindən biri. 23 yaşlı daxili işlər naziri ömrünün sonuna qədər mühacirətdə Azərbaycanın milli davasını aparıb.

3) Məmmədrza ağa Vəkilov - Azərbaycanın ilk həkimlərindən olub, Bakı şəhərində ilk poliklinikanın yaradıcısı. Türk millətçi və müsavatçı görüşlərinə görə dəfələrlə həbs edilib.

4) Rəhim bəy Vəkilov - İstiqlal Bəyannaməsinin mətninin müəllifi və onu imzalayan şəxslərdən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yeganə yazılı tarixinin müəllifi.

Bundan başqa Azərbaycanın Gürcüstanda səfiri Faris bəy Vəkilov, cümhuriyyət parlamentinin dəftərxana rəisi Məmməd ağa Vəkilov və başqaları. Bu siyahıya Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovu, Zaqafqaziyada ilk rus qız məktəbinin yaradıcısı Mədinə xanım Mehdi ağa qızı Vəkilovanı (Türk millətçi və müsavatçı görüşlərinə görə həbs edilərək güllələnib), dünya şöhrətli müğənnimiz Rəşid Behbudovun anası Firuzə Vəkilovanı, Rusiya müsəlmanlarının lideri, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilovanı da daxil etsək T.Süleymanovun təkcə bir nəslin tarixinə deyil, bütövlükdə Azərbaycan xalqının tarixinə nə qədər kölgə saldığı göz önündə canlanar.
Vəkilovlar nəsli türk millətçiliyi istedadı və yüksək linqvistik bacarığı ilə seçilən bir nəsildir. Yuxarıda adını çəkdiyimiz şəxslər hərəsi ən azı 3 xarici dil, bəziləri isə hətta 6 xarici dili mükəmməl mənimsəmiş parlaq tarixi şəxsiyyətlər olublar. Vəkilovların daha çox məskunlaşdığı Qazax və Şərur rayonlarında 1937-ci il repressiyalarından sonra soyadlarını dəyişmək məcburiyyətində qalsalar da, onlar heç biri türk milli kimliyini və bu nəslin nümayəndəsi olduğunu unutmamışdır. T.Süleymanovun diqqətinə çatdırıram ki, Azərbaycanda öz milli kimliyini bilən bir neçə nəsil varsa, onlardan biri də Vəkilovlardır. Təsadüfi deyil ki, çağdaş Azərbaycanda (1992-ci ildə) ilk dəfə məhz Vəkilovlar nəslinin şəcərə tarixinə həsr edilmiş kitab nəşr olunub. 2003-cü ildə isə tədqiqatçı türkoloq İsmayıl Umudlunun müəllifliyi ilə Vəkilovlar nəslinin tarixinə həsr edilmiş 700 səhifəlik “Vəkiloğluları” tarixi-bioqrafik araşdırma çap edilib. Həmin kitab Amerikada kitab sərgisində “İlin ən maraqlı kitabı” nominasiyasının qalibi olub.
Separatçı qəzetin baş redaktoruna demək istəyirəm ki, sizdən əvvəl də S.Vurğunun, Nizami Gəncəvinin türk milli kimliyinə ləkə yaxmağa uğursuz cəhdlər olmuşdur. Vaxtilə xalq şairi Vaqif Səmədoğlu bu barədə geniş məqalə ilə çıxış etmişdir. Lakin saxta tarix yaratmaq sindromu görünür elə də tez sağalan xəstəlik deyil. O üzdən bu tendensiya davam etməkdədir. Separatçı qəzetin baş redaktoru T.Süleymanova sözüm budur ki, saxta tarix yaratmaq üçün səhv obyekt seçib. Nəhəng türk şairi, poeziyada şah əsərlər yaradan S.Vurğunun milli kimliyini şübhə altına almaqla heç nəyə nail ola bilməzsiniz.
Sözümü S.Vurğun ədəbi məktəbinin ən parlaq nümayəndəsi, türk dünyasının nəhəng siması ölməz Bəxtiyar Vahabzadənin şeiri ilə bitirmək istəyirəm.

Əslimi nəslimi tanıyıram mən,
Qarışıq deyiləm özümdən hürkəm.
Sən kimsən, sən nəsən özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!"
Bu xəbər oxucular tərəfindən 2439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed