Şrift:
İranın Qafqaz yürüşü
14.11.2019 [23:43] - Köşə yazarları
Tehran Universitetinin nəzdində 2006-cı ildən fəaliyyətə başlayan “Qafqaz Tədqiqatları Mərkəzi” sayəsində bu ölkə Qafqaz regionunda son beş ildə baş verən proseslərdə fəal şəkildə iştirak etməyə başlayıb. Siyasi, ictimai, iqtisadi, sosial, ideoloji, dini və digər sahələrdə xeyli dərəcədə aktivləşibdir. Həştərxan və Kalmıkstandan başlayaraq bütün Quzey Qafqaz və Güney Qafqaz da daxil olmaqla çox geniş şəkildə hətta özünün infrastrukturlarını yaratmaqdadır. Belə ki, bu prosesdə İran tərəfi daha çox antitürk maraqlarının ictimai və sosial dayaqlarını inkişaf etdirməklə yaxın gələcəkdə İranı gözləyən problemlərin qarşısını almağa ümid edir. Siyasət meydanında “coğrafi siyasət” adlanan bu doktrin indiki şəraitdə İranın mövqelərinin güclənməsinə hesablanıbdır.

Hörümçək toru strategiyası

Hələ ilkin ortaçağ dönəmində farslar indiki Hindistandan Orta Asiya və İran yaylasına bir toplum olaraq köç etdikləri dönəmdə Kaşqar, Buxara, Səmərqənd, Xivə, Bəlx, Ürgənc, Gərm, Gissar, Məzari Şərif, Kabil, Şiraz, Tus, İsfəhan, Qəzvin, Yəzd, Kirman və digər qədim yaşayış məskənlərində özlərinin xüsusi koloniyalarını yaratmaqla burada parn-urdu mədəni dəyərlərinin dərin qatlarını yaratmağa çalışdılar. Bununla da özlərinin mövcud olma prinsiplərini də rəsmiləşdirməyə çalışdılar. Türküstan, İran və Qafqaz siyasətinin tarixi köklərində farslar bütün çabalara baxmayaraq, özümlu dəyərlərini sadəcə İran yaylasında qismən strateji hədəflərinə nail ola biliblər. Bu sırada onlar etnoloji mənada sosial güc ola bilməsələr də, mədəni, ədəbi və ideoloji qatların arxasında gizlənməklə son 90 ildə xeyli dərcədə irəli gedə biliblər. Çünki, 19-cu yüzildə yaranan, bu gün Avropanın özü tərəfindən belə imtina etdiyi “Hind-Avropa” nəzəriyyəsi hələ də Tehran rejiminin ali ideoloji prinsipi olaraq qalmaqdadır. Bu gün İran bir dövlət olaraq, bu nəzəriyyənin bir qədər modern görünüşlü labirintlərini tətbiq etməklə, ən azından özünün dəyərlərini qorumağa çalışır. İndiki məqamda İranda din pərdəsi altında fizlənmiş fars şovnist siyasətinin coğrafi hüdudlarının genişlənməsi, ölkə əhalisinin buna total şəkildə səfərbər olunması üçün daha genişmiqyası hədəflər ortaya qoyulubdur. Bu sırada İranın ən çox ümid etdiyi istinad nöqtəsi isə Qafqaz və Orta Asiya regionlarında daha fəal şəkildə çoxşaxəli iqtisadi, siyasi, ideoloji, maliyyə, sosial şəbəkələrin inkişaf etdirilməsidir. Buna görə də indi dünyada məşhur olan “web” - hörümçək toru strateji hədəflərinə üz tutubdur. Çünki, Osmanlı dönəmindən sonra İranın Orta Şərqdəki fars şovinist siyasəti yenidən ərəb dünyasında iflasa uğramaqdadır. Hal-hazırda İran Türkiyədə “ələvi”lik hərəkatını gücləndirməklə bu ölkəyə nüfuz etmək taktikasına üz tutsa da, hələ ki, bunun uğurlu nəticə vermədiyini təqib etməkdədir. Çünki, Anadoludakı ələvi inanclılar həm də türklük dəyərlərini ali prinsip hesab edirlər. Ancaq, Qafqaz və Orta Asiya regionlarında İranın nisbətən sərbəst hərəkət etmək imkanları üçün münbit şərait mövcuddur. Bunun da əsas səbələri hər iki regionda demokratik həyat tərzinin tam qələbə çalmaması, etnoloji rəngarəngliyin mövcud olmasıdır. Buna görə də İran həmin regionlarda sərbəst hərəkət etmək və rahat nəfəs almaq iqtidarındadır. Belə bir şəraitdə isə İranın “web” - hörümçək toru strateji şəbəkəsini yaratmaq heç də çətin deyil. Çünki, ortada az güclə böyük sosial dayaqları yaratmaq, bunun çevrəsində iqtisadi, maliyyə, daha sonra isə bunun mədəni qatlarını formalaşdırmaqla daha üstün səviyyədə irəliyə doğru addım atmaq farsların tarixi koloniya strategiyasına bağlı olan ənənlərdən qaynaqlanır.

İran öz varlığını qorumaq gözünü Qafqaza dikib

Hələ bizim miladdan öncə 6-cı yüzildən indiki eranın 330-cu ilinə qədər əhəmənilər, daha sonra isə 226-cı ildən 651-ci ilə qədər sasanilər dönəmində tarixdə ilk dəfə olaraq farslar koloniya siyasətini tətbiq etmişdilər. Bu örnəyin mədəni qatlarının izlərini elə indinin özündə belə müşahidə etmək çox asandır. Ən azından parn-urdu (fars) mənşəli toplumların məskunlaşma soğrafiyası bunun təsdiqidir. İrandakı qatı fars şovinist çevrələrində bu strategiya “kəbire persiya” (böyük fars coğrafiyası) adlanır. Qafqazın bütün iri şəhərlərində və ticarət mərkəzlərində İran bu hədəflərə nail olmaq üçün “İran Mədəniyyət Mərkəz”lərini yaradıbdır. Bakı, İrəvan, Tiflis, Batumi, Maxaçqala, Dərbənd, Həştərxan, Vladiqafqaz, Elista və Soçi şəhərlərindəki bu mərkəzlər indi fars şovinist siyasətinin “web” - hörümçək toru şəbəkəsinə çevrilibdir. Bu şəbəkənin yaşadılması, inkişaf etdirilməsi, İranın bir dövlət olaraq gəlirlərinin artırılması, nüfuz dairəsinin böyüməsi yönündə Tehrandakı “Qafqaz Tədqiqatları Mərkəzi” çox geniş planlı layihələr hazırlamaqda davam edir. Mərkəzin əsas fəaliyyət prinsipi isə “Ümumi Proqramlar”, “Proqram və fəaliyyətlər” və “Elmi Şura” strukturundan ibarətdir. Mərkəzdə Qafqazda yaşayan bütün toplumların mənəvi, mədəni, dini, sosial həyat tərzi və coğrafi məkan psixologiyası bütün incəliklərinə kimi araşdırılmaqdadır. Bunun ardınca isə həmin toplumların həyatına, coğrafi regionlara nüfuz etmə prinsiplərinin necə tətbiq edilməsi hədəfləri həyata keçirilir. Buna görə də mərkəzin dəstəyilə davamlı şəkildə fəaliyyət proqramları hazırlanır, konfranslar keçirməklə beynəlxalq güclərin regiondakı fəaliyyətlərinin araşdırılması, Qafqaz regionlarının mədəni və bədii dəyərələrinə nüfuz etmək, Qafqazın bütün regionlarından gənclərin İranda təhsil almaq siyasətini genişləndirmək, Qafqazdakı bütün elm ocaqlarında “İranşünaslıq” mərkəzlərini yaratmaq, ortaq elmi tədqiqatları genişləndirmək, Qafqazdakı ictimai və siyasi proseslərdə İranın önəmini artırmaq, Qafqazdakı regional etnik konfliktlərdə İranın maraqlarının təmin edilməsi, energetika və nəqliyyat resurslarına nüfuz etmək, İran və Qafqaz ictimai tarixi mədəni qatlarını ən üstün səviyyəyə qaldırmaqdan ibarətdir. İran Qulamhüseyn Zərgərinecad, Əsgər Zarei, Zakir İsfəhani, Bəhram Əmirhəmidian, Elahe Qulai, İnəyətulla Rza, Maniçöhr Muradi, Cahangir Kərəmi, Əhməd Kazimi, İbrahim Türkmən, Məhəmmədbağır Haqpənah, Mehdi İmanpur, Məcid Sabir, Cavad Vahidi, Məhəmmədbağır Bəhrami, Cəlaləddin Nəmini Miyanəçi, Həsən Behiştpur, Müctəba Dəmirçilu, Əkbər Əminiyan, Mehdi İmanipur, Məhəmməd Hüseyn Purşüdzadə, Ehsan Xəzai, Seyid Hüseyn Təbatəbai, Bəhram Əmirəhmədian, Həsən Behiştupur, Seyid kazım Musəvi, Əhməd Əhmədi, Seyid Əli Mücani, Məhəmmədrza Vəsfi, İrəc Hatəmi, Məhəmməd Nəhavəndian, Əsgər Zarei, İrəc Allahdadi, Səid Seyfi, Əli Əlibabai, Pərvin Təvazö kimi nüfuzlu elm xadimlərini bu prosesə cəlb edibdir.
Tehranın Kargəre Şomali küçəsi, bina 16-da və Zərdüşte Qərbi küçəsi, bina 56-da yeləşən “Qafqaz Tədqiqatları Mərkəzi”ndə hazırlanan layihələrdə ən çox Azərbaycan Respublikasının sosial, iqtisadi, ictimai həyat tərzinə nüfuz edilməsi planlarına üstünlük verilir. Bu layihələrə daxil olan planlardan biri də Bakıda yerli televiziya kanallarında meyxana, əruz ədəbiyyatı, dini verilişlərin sayının artırılması, bu yöndə xüsusi qrantların ayrılmasına xüsusi önəm verilir. Çünki, bu üç mövzu farsların Azərbaycan ictimai həyatında çoxdan sınanmış metodu hesab edilir. Son 3-4 ildə gənclər arasında yayğın şəkildə olsa da ədəbiyyat aləmində dəbdə olan “modernizm” və “postmodernizm”in inkişaf etdirilməsi üçün də qrantlar ayrılmaqdadır. Bu sırada Tehranda sınaqdan çıxmış Fərrux Fərruxzad, Nima Yucic, Yəhya Arian Purdar, Sadiq Hidayət, Bozorq Ələvi və digərlərinin ortaçağ fars siyasətinin strateji hədəfi olan “tərki dünya” siyasəti çağdaş ədəbiyyatda yer almasıdır. İndi bu sırada Azərbaycanda yaranmaqda olan həmin cərəyana xüsusi önəm verməyə başlayıbdır.

Fars şovinizmi alternativ güc rolunda

Tehrandakı “Qafqaz Tədqiqatları Mərkəzi”nin araşdırmalarında açıq şəkildə qeyd olunur ki, indi Ermənistan, Gürcüstan və Azərbaycanda artıq Rusiyanın boyunduruğu altında əlaltı siyasəti tədricən çökməkdədir. Bu proses həm də Quzey Qafqaz regionlarında inkişat etməkdədir. Qərb dövlətlərinin uzun müddətdir elan etdikləri demokratiya siyasəti isə elə onların özü tərəfindən çoxlabirintli forma və məzmun daşıdığı üçün, regionda demokratik proseslərin ləngərli xarakter daşıdığına görə insanların buna inamında bir sarsılma mövcuddur. Çünki, Qərb elan etdiyi demokratik prinsiplərdən daha çox özünün iqtisadi maraqlarının təmin edilməsi qayğısına qalmağı üstün tutubdur. Buna görə də yaranmış boşluğu doldurmaq üçün İran “effektiv təsir” siyasətini genişləndirməklə öz nüfuz dairəsini də gücləndirə bilər. Bütün bunları diqqətlə təqib etmək üçün ən azından Tehrandakı iranboom.ir və caucasus.ir internet səhifələrini izləmək yetərlidir.
“Qafqaz Tədqiqatları Mərkəzi”nin araşdırmalarında o da qeyd olunur ki, Qafqazda İran dövləti prosesləri istədiyi kimi tam nəzarətə ala bilməzsə, o zaman Fələstin modelini işə salmağa məcburdur. Unutmaq olmaz ki, İran Orta Şərqdə öz nüfuzunu artıra bilmədiyi üçün Fələstində süni şəkildə xristian və müsəlman ərəblər, şiə ərəblər və yəhudilər arasında daim silahlı münaqişələr tətbiq etməklə iqtisadi, enerji və digər sahələrdə istədiklərinə nail olmaq üçün hərəkət edibdir. İndi sırada Qafqaz strategiyası da bu minvalla formalaşdırılmaqdadır.
İran Qərb dövlətlərinin elan etdiyi kimi Qafqazda demokratik prosesləri əngəlləmək üçün çabalar göstərir. Çünki, Qərb dövlətləri, xüsusilə Avropa Birliyi, Avropa Şurası, elə NATO-nun özü belə Qafqaz siyasətindəki astagəlliyi səbəbindən İran bu boşluqda rahat nəfəs almaq üçün indi ildə ən azından 2 milyard dollar vəsaitindən keçməsindən heç də peşiman deyil. Bununla da alternativ siyasi, ictimai, iqtisadi, sosial, mədəni şəbəkələri daha da aktiv duruma yönəltməkdədir. Abxaziya, Güney Osetiya, Dağlıq Qarabağ kimi etnik bölücü regionların sülh yolu ilə həll edilməməsi Qərbin mövqelərinin daha da daralması kimi psixoloji təbliğatlarda hələlik qazanan tərəf də elə İrandır. Müasir dünyada tədric olunmuş şəkildə dövlət modeli olmadığının fərqinə varan İran belə bir siyasəti aparmaqla həm də, öz daxilində son bir neçə ildə inkişaf etməkdə olan xalqların öz milli hüquqları uğrunda mübrizələrin də qarşısını almağa ümid edir. İndi Güney Azərbaycan, Loristan, Kürdüstan, Bəlucistan, Xuzistan, Xorasan-Türkmənistan hərəkatları İranın bir dövlət olaraq süqutuna aparan ən böyük dirənişlərdən birinə çevrilibdir. Qərb dövlətləri heç bunun fərqində də deyillər. İran bir dövlət olaraq, Qafqazda mövqelərini addım-addım gücləndirməklə bu prosesin önünə çıxmağı hədəf seçibdir. “Qafqaz Tədqiqatları Mərkəzi” isə hər ötən gün Qafqaz siyasətində yeni-yeni texnologiyaların əsaslarını hazırlamqdadır.

Ənvər BÖRÜSOY
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed