Şrift:
“Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimatı olub
31.01.2020 [08:34] - Mədəniyyət
Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Film “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub. Filmin təqdimatından öncə, ekran əsərinin quruluşçu rejissoru Elnurə Kazımova müsahibəsində deyib: “Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda, Türkiyə, İran və başqa yerlərdə Mikayıl Azaflının aşıq sənətinə qarşı münasibətini əks etdirmişik. Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir. Bu filmlə onu göstərmək istədik ki, M. Azaflı tək aşıq deyil, dövrün dissident şairidir. O, sənətilə Türkiyə və Gürcüstanda məşhurluq qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.
Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu. “Ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”, - deyə M. Osmanoğlu bildirib.
Filmin elmi məsləhətçisi Qəzənfər Paşayev bildirib ki, ekran əsəri haqqında tənqidi sözlər demək çox çətindir. Azərbaycan Aşıqlar Birliyinin sədri, ‘məkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, burada Mikayıl Azaflının əfsanəvi obrazı canlanıb. Çünki M.Azaflının özü belədir və xalq bu obrazı sadəcə irəli çəkib. Qeyd edib ki, İranda onu çox yaxşı tanıyırlar. M. Azaflının qeyri adiliyi onu əfsanəvi aşığa çevirib.
Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində çəkiliş qrupuna öz təşəkkürünü bildirib. Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rol işıqlandırılıb. Sonda “Azaflı himni” havası təqdim olunub.
Qeyd edək ki, filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed