Şrift:
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanda aparılan islahatlar müzakirə edilib
03.03.2020 [17:58] - İqtisadiyyat
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanda həyata keçirilən islahatlarla bağlı müzakirələr aparılıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Samir Şərifov ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. S.Şərifov BVF-nin sərəncamçı direktoruna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib.
K.Georgiyeva Prezident İlham Əliyev ilə 2019-cu ilin yanvarında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu deyib. Görüşdə ölkəmizin regional və qlobal miqyasda oynadığı mühüm rolun əhəmiyyəti vurğulanıb, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın müasir vəziyyəti və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi ətrafında səmərəli müzakirələr aparılıb.
Maliyyə naziri S.Şərifovun Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri Cihad Azur və fondun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və BVF-nin 4-cü Maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.
S.Şərifov, həmçinin Dünya Bankının vitse-prezidenti Siril Müller ilə görüşüb. Görüşdə ötən ay Prezident İlham Əliyev və DB-nin icraçı direktoru Aksel Van Trontsenburq arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşündən irəli gələn məsələlərin icrası və gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycanın maliyyə naziri ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed