Şrift:
Akademik Vaqif Fərzəliyev: Karantin rejiminin yumşaldılması xəstəliyə tam qalib gəlməyimiz demək deyil
30.04.2020 [11:37] - Gündəm, Mədəniyyət
Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda ölkəmizdə ona qarşı aparılan nümunəvi mübarizə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Xəstəliklə bağlı ölkəmizdəki vəziyyət vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü.

Bu fikri AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev müsahibəsində söyləyib.

Akademik bildirib ki, dövlət başçısının rəhbərliyi ilə respublikamızda bütün sahələri əhatə edən qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyə yoluxma və ölüm halları çox az oldu. Lakin karantin rejiminin yumşaldılması hələ xəstəliyə tam qalib gəlməyimiz demək deyil. Unutmamalıyıq ki, hələ xəstəxanalarda virusa yoluxan insanlar müalicə alırlar, hər gün yeni yoluxma halları ilə qarşılaşırıq. Bəzi məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Koronavirus pandemiyasının yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantıların keçirilməməsi, ara məsafənin saxlanması, ümumiyyətlə, tələb olunan bütün qaydalara riayət edilməsi zəruridir.

Akademik Vaqif Fərzəliyev xüsusilə vurğulayıb ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması ilə əlaqədar tətbiq olunmağa başlayan tədbirlər insanlarda rahatlıq yaratmamalıdır. Koronavirus pandemiyası hələ davam edir: “Dünya ölkələrinin təcrübəsindən göründüyü kimi, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən də əhali arasında rahatlıq yaranmamalıdır. Pandemiya ilə mübarizədə xalqımız dövlət siyasətini dəstəkləməli, xəstəliyin yeni dalğasına yol verməmək üçün hər bir vətəndaş atılan addımlara ciddi riayət etməlidir.

Ölkədə tətbiq olunan karantin rejiminin müsbət nəticəsini görməmək mümkün deyil. Ona görə biz alimdən, müəllimdən tutmuş sıravi vətəndaşa qədər hamılıqla həmrəyliyimizi davam etdirərək, sağlam qalmağımız üçün Prezidentin atdığı hər bir addımı, dövlətimizin koronavirusla mübarizə tədbirlərini bundan sonra da dəstəkləməliyik”, - deyə akademik Vaqif Fərzəliyev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed