Şrift:
"Dağlıq Qarabağın tanınmasından söhbət belə gedə bilməz"
07.11.2012 [12:53] - Xəbərlər, Siyasət
Rusiyalı politoloq Aleksandr Skakov işğalçını məyus edən açıqlamalar verib
“Ermənistan ordusunun ”Arsax"ın müdafiəsi adı altında istənilən hərəkəti Azərbaycana qarşı təcavüz kimi qiymətləndiriləcək"; bəs “buz yerindən tərpəndi” deyən İrəvanın “tanınma” eyforiyası nədən qaynaqlanır?


Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin koordinatoru Aleksandr Skakov erməni saytlarından birinə müsahibə verib. Müsahibədə bəzi ziddiyyətli məqamlarla yanaşı, bir sıra diqqət çəkən və Azərbaycanın xeyrinə olan maraqlı fikirlər yer aldığından, eyni zamanda xeyli dərəcədə problemə Rusiya aparıcı ictimai fikrinin baxışını ehtiva etdiyindən, onu ixtisarla təqdim edirik.

Bəlli olduğu kimi, ötən həftə Qərbdən giley-güzar edən Ermənistan prezidenti Serj Sərkisyan Kosovo presedentini əsas gətirərək Qarabağ məsələsində dünya birliyini ikili standartlarda suçlayıb. Yəni niyə azad dünya analoji addımı Dağlıq Qarabağ probleminin həllinə münasibətdə atmır? Bununla bağlı erməni müxbirin sualını cavabında politoloq deyib ki, Qarabağ ixtilafının “donu” sürətlə açılmağa doğru gedir və Ramil Səfərov olayı bu zəncirin yalnız bir həlqəsidir: “Konfliktin ”donunun" tam açılacağı halda İrəvan, nəhayət, öz mövqeyini dəqiqləşdirməlidir: «O, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, yoxsa DQR hələlik yalnız Ermənistandan ötrü də olsa müstəqil dövlətdir? Əgər Ermənistan DQR-in müstəqilliyini tanımırsa, bunu üçüncü ölkələrdən gözləmək gülünc olar. Belə şey olmayacaq, özünü aldatmağa dəyməz".

Ekspertə görə, belə vəziyyətdə Ermənistan ordusunun “Arsax”ın müdafiəsi adı altında istənilən hərəkəti beynəlxalq hüquqa görə, Azərbaycana qarşı təcavüz kimi qiymətləndiriləcək: “Əgər Ermənistan rəhbərliyi DQR-dən imtina eləməyə hazırlaşmırsa, o zaman mürəkkəb, lakin labüd və məntiqli qərar verməlidir - Xankəndinin müstəqilliyini tanımaq. Əks halda ”sülh prosesini topa tutmaq istəmirik" kimi əsaslar gətirmək ikiüzlülükdür. Çünki olmayan şeyi topa tutmaq olmaz".

Minsk Qrupunun passivliyinin səbəblərinə toxunan rusiyalı politoloq hesab edir ki, Qərbə nə İrəvan, nə də Bakı lazımdır, ona neft-qaz gərəkdir: “Və bir də Brüssel istərdi ki, Moskvanın ambisiyaları qismən cilovlansın. Kremlin dişsiz siyasəti isə Rusiya rəhbərliyini qaçılmaz şəkildə yeni və ağrılı ”Xasavyurt"lara gətirəcək. Yəni geri çəkilmələrə və məğlubiyyətlərə aparacaq, hansılardan ki, siyasi iradə olarsa, yayınmaq mümkündür".

Ekspertin sözlərinə görə, Rusiya rəhbərliyindəki bəzi dairələrin Moskvanın patronajlığı altında Qarabağ nizamlanmasında sıçrayış ediləcəyinə bəslənən ümidlər öncədən əsassız olub: “Bu, heç nəyə söykənməyən illüziyadan imtina vacib idi. Ancaq nə Paris, nə də ümumən Minsk Qrupu davam edən ziddiyyətlər fonunda hansısa irəliləyişə nail ola bilməz. Moskvanın Parislə əvəzlənməsi heç nəyi dəyişməyəcək. Real irəliləyiş üçün bütün beynəlxalq birliyin razılaşdırılmış səyləri lazımdır. Dünyanın güc mərkəzləri isə hazırda ziddiyyətlər yeyir və nə Dağlıq Qarabağ münaqişəsi, nə də bütövlükdə Cənubi Qafqaz onların prioritetlərinə daxil deyil”.

Erməni müxbirin “Avstraliyanın ən böyük ştatının qanunverici orqanı DQR-i tanıdı, buna kimi analoji qətnamələri ABŞ-ın Rod-Aylend və Massaçusets ştatları qəbul edib. Sizcə, belə tendensiya nədən xəbər verir” sualına Skakovun cavabı belə olub: “Həmin qətnamələr jest və rəmzlərdən savayı bir şey deyil. DQR-in Avstraliya və ya ABŞ tərəfindən tanınmasından söhbət gedə bilməz. Hətta bu məsələ kiminsə tərəfindən qaldırılsa belə, onu dərhal neft-qaz lobbistləri önləyər. Təkrar edirəm, Dağlıq Qarabağı əvvəlcə Ermənistan tanımalıdır. Bu, baş verməsə, heç kim onu tanımayacaq. Dünyada heç kim erməni xalqı əvəzinə üzücü münaqişənin odunun içindən ”şabalıdları" çıxarmayacaq..."

Ermənistan isə qondarma qurumu tanımağa cürət edə bilmir. 1. Ona görə ki, bu, danışıqlar prosesinin dəfni olar və dərhal müharibəyə çağırış anlamına gələrdi. 2. Ona görə ki, Rusiya imkan verməz, çünki Qarabağ məsələsi Ermənistandan qat-qat çox, Kremlin problemi, Kremlin projesidir və Moskva öz forpostuna regionda mövcud situasiyanı kəskin şəkildə dəyişəcək özbaşına addım atmağa icazə verməz. 3. Ona görə ki, Qərbin özü də belə addımı neqativ qarşılayar və ardınca Azərbaycanın atacağı sərt (hərbi) addımları təqdir eləmək zorunda qalar.

Odur ki, Ermənistanın Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Artak Apitonyan guya öz aləmində azərbaycanlı həmkarı Novruz Məmmədova cavab olaraq və Azərbaycana minnət qoyurmuş kimi söylədiyi “Ermənistanın hələlik Dağlıq Qarabağı tanımaması erməni tərəfinin danışıqlar yolu ilə həlli xətrinə getdiyi ən böyük güzəştidir” sözləri yumşaq desək, təəccüb doğurur.

Guya tanıyanda nə baş verəcək ki? Buna İrəvanda siyasi iradə olsaydı, 19 ildə gedərdi. Xatırladaq ki, qondarma “DQR”in tanınması məsələsini indiyədək dəfələrlə Ermənistan parlamentinin gündəliyinə salmaq təşəbbüsləri edilib. Lakin böyük səs çoxluğu ilə rədd edilib.

Yeri gəlmişkən, Rusiya kimi bir dövlətin Abxaziya və Cənubi Osetiyanı tanıması heç nəyi dəyişmədi. Dünya buna getmədi. Niyə? Məsələ ondadır ki, ABŞ və Avropa Cənubi Qafqazdakı münaqişələrin nədən qaynaqlandığını və Kremlin bu münaqişələrdə güddüyü hədəfləri yaxşı bilir. Onun da fərqindədir ki, konkret halda söhbət Kosovo nümunəsindəki kimi millətin öz müqəddəratını təyin etməsi uğrunda apardığı mübarizədən yox, Ermənistanın öz suveren qonşusuna qarşı ərazi iddiasından doğan, azərbaycanlıların etnik təmizlənməsi ilə müşayiət olunan və Moskvanın da onun vasitəsilə Güney Qafqazı öz təsir zonasına saxlamaq üçün istifadə elədiyi bir konfliktdən gedir.

Bununla belə, erməni rəsmisi Apitonyan yenə iddia edib ki, guya tanınma məsələsində “buz artıq yerində tərpənib” və buna sübut kimi də o, Avstraliyanın və ABŞ-ın üç ştatının qərarlarını göstərib, həmin qərarları Azərbaycanın mesaj qismində qəbul etməli olduğunu söyləyib. Hansı qərarlar ki, az yuxarıda rusiyalı politoloq tərəfindən faktiki, heç bir hüquqi əsası olmayan kağız parçası kimi qiymətləndirib. Həmçinin onu da aydın şəkildə izah edib ki, erməninin Qərbdən tanınma məsələsində dəstək gözləməsinə, Kosovo presedentinin təkrarlanmasını bəkləməsinə niyə dəyməz.

Zahid SƏFƏROĞLU
Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed