Şrift:
Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Qarabağ zonası üzrə toplantı keçirilib
10.12.2020 [10:31] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Qarabağ zonası üzrə toplantı keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Qarabağ zona toplantısı "Biz birlikdə güclüyük!" şüarı altında onlayn formatda baş tutub. Toplantıya Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları qatılıblar. Qarabağ zonasına daxil olan rayonlardan 400 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Şuşa Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixi Qələbəsi, ölkəmizin regional güc mərkəzinə çevrilməsi, Böyük Qayıdışda gənclərin vəzifələri, düşmən tapdağından azad edilmiş ərazilərdə məskunlaşma, yenidənqurma işlərində gənclərin müstəsna rolundan danışıb. Zona toplantısında Qarabağ zonası üzrə Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısında iştirak edəcək 70 nəfər nümayəndə seçilib. Görüş zona toplantısı adından qətnamənin qəbulu ilə başa çatıb.

Qeyd edək ki, toplantı Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed