Şrift:
Kitabxana şəhidi Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb
30.12.2020 [11:46] - Xəbərlər, Hərb
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Qarabağ şəhidi Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb.

Məlumat saatında şəhidin ömür yoluna nəzər salınıb.

Bildirilib ki, Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. O, 2000-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub və oxuduğu müddət ərzində məktəbin ən fəal şagirdləri sırasında yer alıb. Ağaəmi məktəb tədbirlərində, bilik yarışlarında iştirak edib, müəllimlərinin sevimlisi olmağı bacarıb və sertifikatlara layiq görülüb. Ağaəmi azyaşlarında Buzovna qəsəbəsinin Dini İcmasının nəzdində yerləşən İmam Hüseyn məscidinin mədrəsəsində “Qurani-Kərim”in tədris kursunu bitirib və şəhadətnamə ilə təltif olunub.

Ağaəmi Heybətov 2002-ci ildə Buzovna qəsəbəsində yerləşən 4 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olub, 2007-ci ildə qarmon kursunu bitirərək diplom alıb. Heybətov idmanın müxtəlif növləri ilə də məşğul olub. O, 2011-ci ildə 125 nömrəli tam orta məktəbin XI sinfini fəallıqla bitirib və həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” ixtisasına qəbul olub. Tələbəlik illərində də fəallıqlar göstərib, göstərdiyi diqqət və məsuliyyətə görə Qafqaz Resort Hotel tərəfindən sertifikatla təltif olunub. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. Universiteti bitirdikdən sonra o, 2015-ci ildə hərbi xidmətdə olub, 2016-ci ildə isə hərbi xidmətini başa vurub. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduqdan sonra xəbər tutub. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi müsabiqədən keçərək “Veysəloğlu” MMC-də işləməyə başlayıb. O, həmçinin Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyi “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-də də fəaliyyət göstərib. İgid qəhrəman 2020-ci il İkinci Qarağab müharibəsinin başlanması xəbərini eşidən kimi evdən gizlin orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızım azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Həmin ilin oktyabrın 25-də yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

27 illik ömür yolunda adına layiq yaşamağı bacaran Ağaəmi igidliyi ilə ürəklərdə əbədi yaşayacaq!
Bu xəbər oxucular tərəfindən 2137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed