Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif edilib
28.01.2021 [12:15] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində TÜRKSOY-un dəstəyi ilə türk dünyasının böyük şairi Abay Kunanbayevin 175-ci ildönümü münasibətilə nəşr olunan “Abayı oxuyarkən” adlı art-albomun təqdimatı, eləcə də “Abay 175 il” medalının təqdimatı keçirilib.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən “Abay 175 il” xatirə medalı ilə təltif edilib.

Günay Əfəndiyeva öz növbəsində Fond tərəfindən İspaniyada türk dünyasının iki böyük siması – Qazaxıstanın böyük şairi Abay Kunanbayevin 175 illik və Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin 135 illik yubileyləri münasibətilə çap olunan post markalarını Düsen Kaseinova hədiyyə edib.

Günay Əfəndiyeva çıxışında Abay Kunanbayevin təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının tarixində parlaq iz buraxdığını və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet istiqamətlərindən birinin türk dünyasının dahi şəxsiyyətlərinin irsinin öyrənilməsi, araşdırılması, qorunması və beynəlxalq aləmdə tanıdılması olduğunu qeyd edib.

Təqdimat mərasimində türkdilli beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı, Qazaxıstan Respublikasının Azərbaycan səfiri Serjan Abdıkərimov, eləcə də Azərbaycanın elmi və yaradıcı dairələrinin nümayəndələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed