Şrift:
Kimsə işimizə qarışa bilməz! – “Qarabağda söz sahibi Azərbaycandır”
12.02.2021 [13:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Monitorinq Mərkəzi və Rusiya sülhməramlıları müvəqqəti missiya yerinə yetirən bir sistemdir”

Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenkonun fevralın 9-da azərbaycanlı həmkarı Xələf Xələfovla Moskvadakı görüşündə bəzi açıqlamaları diqqət çəkib. O, qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətlərini davam etdirilməlidir. Rudenkonun söylədikləri Rusiya XİN-nin mövqeyi baxımından kifayət qədər narahatlıq doğurur.

Əlbəttə, onun sözləri təhrif edilməyib və açıqlaması kəsilməyibsə. Ancaq aradan xeyli zaman keçdiyi və hər hansı təkzib olmadığı üçün görünür, Rudenko açıqlamasından razıdır. Rusiyalı diplomat həmçinin Qarabağda atəşkəsə nəzarət üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən də danışıb. Onun sözlərinə görə, Monitorinq Mərkəzi regionda vəziyyətin normallaşması istiqamətində həyata keçirilən fəaliyyət üçün çox yaxşı nümunədir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az”a bildirib ki, Azərbaycan torpaqlarını öz gücünə azad edib. Kiminsə dövlətimizin adından çıxış etməsi yolverilməzdir:

“Haqqımız olanı özümüz almışıq, ölkəmiz müstəqil siyasət yürüdür. Əslində yeni reallıqların yaranmasında 2+2 formatı rol oynadı. Bu format 2+2 kimi təqdim olunsa da, daha çox 2+1 kimidir. Müharibə prosesi bitib, Azərbaycan tərəfinin müstəqillik aktının 12-ci bəndinə görə, suverenlik şərtsiz olaraq bütün ərazilərimizə şamil olunur.

Bu ərazilərin bir qismini hərbi yolla azad etdik, digər qismini isə kapitulyasiyaya uğramış Ermənistan tərəfi boşaltdı. Hələlik erməni əsilli azərbaycanlılar yaşayan yerlərdə də mülki idarəetməni səhmana salmaq üçün müəyyən texniki işlər aparılmalıdır. Ərazilərimizdə hansısa işin görülməsini isə yalnız və yalnız dövlətimiz müəyyənləşdirir”.

F.Quliyev vurğulayıb ki, Rudenkonun verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur:

“O və yaxud Rusiyanın hər hansı bir diplomatı yalnız Ermənistanın adından danışa bilər, Azərbaycanın yox. Çünki Ermənistan xarici siyasətini müstəqil yürüdə bilmir. Ərazilərimizlə bağlı yeganə söz sahibi Azərbaycandır, lazım olan ifadələri də Prezidentimiz deyir. Ona görə də Rudenkonun bu açıqlamasını ciddiyə almıram. Müharibə başa çatıb, torpaqlarımızı azad etmişik, yalnız bəzi məsələlər qalıb. Onlar da siyasi və diplomatik yolla Azərbaycanın iradəsinə, konstitusiyası və beynəlxalq qanunlarına uyğun olaraq yerinə yetiriləcək. Kimsə işimizə qarışa bilməz!”.

Partiya sədrinin qənaətincə, Monitorinq Mərkəzi və Rusiya sülhməramlıları müvəqqəti missiya yerinə yetirən bir sistemdir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi bir ifadəni xatırlatmaq istəyirəm:

“Biz elə bir mühit yaratmalıyıq ki, gələcəkdə azərbaycanlılar və ermənilər Azərbaycan ərazisində monitorinq mərkəzi və sülhməramlılar olmadan yaşaya bilsinlər. Bu zaman Rusiya və Türkiyənin beynəlxalq imici daha da yüksələ bilər”.

Monitorinq Mərkəzi qısa zamanda erməni əsilli azərbaycanlılar və orada qovulan azərbaycan türklərinin normal münasibətləri üçün fəaliyyət göstərəcək. Əlbəttə ki, rusiyalı hərbçilərin təkbaşına xidməti dövründə xeyli fəsadlar var idi. Lakin görürük ki, türk əsgərlər gələndən sonra fransız jurnalistlərin və Ermənistan tərəfindən olan bəzi adamların geri qaytarılması baş tutdu.

Türkiyənin gəlişindən sonra Monitorinq Mərkəzi proseslərə müsbət nəticə verir. Lakin onlar yalnız öz çərçivələri daxilində fəaliyyət göstərməli və Azərbaycanın mülki idarəçilik işlərinə müdaxilə etməməlidirlər”.

Yeganə Bayramova/sherg.az
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed