Şrift:
“Qarabağ Azərbaycan” məktəbinin şagirdlərinin növbəti dərsi Xocalı qətliamına həsr olunub
25.02.2021 [10:22] - Xəbərlər, Gənclik, Bildiriş
İsveçrə Konfederasiyasında Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Bern şəhərində təsis olunan “Qarabağ Azərbaycan” məktəbinin şagirdlərinə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və koordinasiya şurasının üzvü Leyla Bağırzadə tərəfindən xüsusi dərs keçirilib.

COVID-19 pandemiyası ilə əlaqədar məktəbin dərslərinin onlayn rejimdə keçirilməsinə qərar verilib və bunun nəticəsində həftəsonu keçirilən dərslərə İsveçrənin Bazel, Sürix, Soloturn və digər kantonlarında yaşayan şagirdlərin iştirak etməsi mümkün olub. Dərsdə şagirdlərlə yanaşı, valideynlər də iştirak ediblər.

Azərbaycanın Berndəki səfirliyindən verilən məlumatda bildirilir ki, dərs zamanı tarixə kiçik ekskursiya edilib, Xocalı faciəsinin səbəb və nəticələri barədə geniş məlumat verilib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğu söylənilib. Sonra Xocalı soyqırımı barəsində ətraflı məlumat verilərək şagirdlərin dərsdə iştirak etməsi üçün imkan yaradılıb və şagirdlər onları maraqlandıran məsələlərlə əlaqədar suallar verərək aktiv şəkildə dərsdə iştirak ediblər.

Daha sonra 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması barəsində şagirdlərə məlumat verilib. Keçirilmiş dərs zamanı Xocalı soyqırımı nəticəsində 26 ailə üzvünü itirmiş Əsli Məmmədova barəsində videoçarx göstərilib. Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb və onlar dərs barəsində fikirlərini bölüşüblər.
Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed