Şrift:
Müstəqillik aktımızı imzalamış deputatlar hələ də pensiya tələbi ilə dava döyür...
05.03.2021 [16:27] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ölkəmizin müharibədən qalib çıxdığı zamanda İstiqlal Aktına imza atan şəxslərə münasibətin dəyişməsi çox lazımdır”

1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda 43 deputat təklifin əleyhinə səs verib. Azərbaycanın müstəqilliyinə səs vermiş 43 deputatdan çoxu dünyasını dəyişsə də, yaşayan sabiq millət vəkilləri hələ də təqaüd almaq uğrunda mübarizə aparırlar.

Uzun illər statuslarının bərpa olunmasına çalışan sabiq deputatlar işin ictimai tərəfini apardıqdan sonra yerli məhkəmələrə də müraciət ediblər. İstiqlalçı deputatlardan sabiq təhsil naziri Firudin Cəlilov, eləcə də Məryəm Həsənova və professor Hacıbaba Əzimov statuslarını bərpa etmək məqsədilə məhkəmələrdə iddia qaldırıb. Ancaq keçmiş millət vəkillərinin cəhdi heç bir nəticə verməyib. Xatırladaq ki, pensiya məsələsi "Deputatların statusu haqqında” qanunla müəyyən olunub. Qanunda göstərilib ki, təqaüd 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul edildikdən sonra seçilmiş deputatlara şamil olunur.

İstiqlalçı deputatlara bəslənən bu münasibət doğrudan da maraqlı görünür. Avropada istiqlalçı deputatlara “siqnatür deputatlar” deyilir. Onlara xüsusi diqqət var, rəsmi protokolda istənilən ölkəyə səfər edə bilirlər, maddi baxımdan dövlətin dəstəyi göstərilir, imtiyazlar əldə ediblər. Baltikyanı ölkələrdə isə bu deputatlara milli qəhrəman adı verilib. Qonşu Gürcüstan da 12 belə deputata milli qəhrəman adı verdi, onların maddi vəziyyətini diqqətdə saxladı.

Bəs bizdə bu kateqoriyadan olan deputatlara niyə lazımi diqqət göstərilmir? Onların pensiyasını təmin etməyə mane olan amil nə ilə bağlıdır?

İstiqlalçı deputatlardan olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deputat olduğu dönəmdə dəfələrlə bu məsləni parlament tribunasından səsləndirib: “43 millət vəkilinin sırasında mərhum Heydər Əliyevin də adı olub. Həmin sənədə imza atanlar ciddi təzyiqlərə məruz qalıblar. Həmin deputatların 25 nəfəri demokratik bloku təmsil edirdi. Aralarında müstəqil və kommunist partiyasını təmsil edənlər də olub. Dünyanın hər yerində belə deputatlara xüsusi münasibət var. Onlar istədiyi vaxt parlamentin iclasında iştirak edir, təkliflər verir. Bəzi ölkələrdə onlara milli qəhrəman adı veriblər. Mən təklif edirdim ki, həmin sıradan olan sabiq deputatlardan vəziyyəti pis olanları xüsusi diqqətdə saxlamaq lazımdır. Təşəkkür edirəm ki, bu məsələni diqqətdə saxlayırsınız. Çünki bu, təkcə fərdlərə olan münasibət deyil. Bu, ölkənin tarixinə olan qiymətdir. Xüsusən də ölkəmizdə yeni reallıqların yarandığı dönəmdə, ölkəmizin müharibədən qalib çıxdığı zamanda İstiqlal Aktına imza atan şəxslərə münasibətin dəyişməsi çox lazımdır. Bu, dövlətin təməllərinə olan hörmətin göstəricisi sayılar. Mən həmişə ölkə Prezidentinin Ramil Səfərovun ölkəyə gətirilməsində göstərdiyi fədəkarlığı misal çəkirəm. Təyyərədən düşməmiş ona rütbə verdi. Ancaq şərt qoymuşdular ki, Ramil Səfərov türmədə olmalıdır”.

Fərəc Quliyevin sözlərinə görə, bununla Prezident mesaj verdi ki, Vətən uğrunda döyüşən adamlara şəxsən özü sahib çıxır: “İstiqlalçı deputatların status ilə bağlı məsələyə yenidən baxılsa yaxşı olar”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed