Şrift:
Ermənistanın müharibə canilərinin cəzasız qalmaları dünyada yeni soyqırımlarına meydan saxlayır
10.03.2021 [14:36] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ötən ilin payızında 44 günlük qalibiyyətli Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 33 ildən bəri davam edən hərbi təcavüzünün ən ağır nəticəsi olan Qarabağın işğalına son qoydu. Bununla müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa edildi, Vətən yolunda qurban getmiş şəhidlərimizin intiqamı alındı. Lakin Qarabağı başdan-başa xarabazara çevirmiş, işğal olunmuş ərazilərdə və cəbhəyanı bölgələrdə minlərlə dinc soydaşımızı qətlə yetirmiş erməni silahlı quldurlarının və onların rəhbərlərinin törətdikləri bir sıra müharibə cinayətləri hələ də layiqli cəzasını gözləyir. Bəşəriyyətə qarşı törədilən cinayətlər cəzasız qaldıqca, yeni və daha ağır bəşəri təhdidlər ortaya çıxır. Belə cinayətlərdən ən dəhşətlisi bu yaxınlarda 29-cu ildönümü bütün dünyada erməni canilərə lənət və cəza tələbi ilə qeyd edilmiş Xocalı qırğınıdır.

Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiqli cavablandırılmadığından ötən illərdə ən pis presedent oldu. Dünyanın müxtəlif yerlərində Ermənistan kimi faşist rejimlər belə cəzasızlıqdan ruhlandı. Ermənistan özü isə 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad edərkən yenidən ölkəmizin mülki əhalisinə qarşı müharibə cinayətləri törətməkdən çəkinmədi. Həmin günlərdə Azərbaycan BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün qəbul etdiyi, amma 27 il ərzində yerinə yetirilməmiş 4 qətnaməsini özü icra etmək məcburiyyətində qalmışdı.
“Sülhə məcburetmə əməliyatları” adlandırılan həmin əks-hücum döyüşləri zamanı Azərbaycan Ordusu yalnız Ermənistanın ölkəmizdə olan işğalçı hərbi hissələrinə zərbə endirirdi. Ermənistan tərəfi isə Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında aciz qaldığından ölkəmizin hətta cəbhə bölgəsindən çox uzaqda sakin olan mülki əhalisini fasiləsiz olaraq artilleriya-raket atəşinə tuturdu. Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında o günlərdə dinc əhali xeyli canlı tələfata məruz qaldı, çox sayda mülki obyekt dağıdıldı.
II Qarbağ savaşı zamanı orta mənzilli raketlər hətta Bakıya, Xızıya və Siyəzənə qədər gəlib çatdı. Bu cinayətkar hücumlar nəticəsində yüzlərlə mülki şəxs, uşaq və qocalar da daxil olmaqla həlak oldu. Bu faciələr məhz ötən 30 ildə Ermənistanın soyqırımı cinayətlərinin cəzasız qalmasının davamı olaraq baş verdi.
Bütün bunlar bir daha təsdiqlədi ki, davamlı soyqırımı aksiyalarının planlaşdırılması və törədilməsi Ermənistanın rəsmi dövlət siyasətidir. Xocalı soyqırımının birbaşa təşkilatçılarından olmuş, bilavasitə əlini dinc insanların qanı ilə yumuş Ermənistanın keçmiş prezidenti Sarkisyan sonralar rəsmən etyiraf etmişdi: “Biz Xocalıda dinc mülki əhalini qırana qədər Azərbaycan tərəfi bizim mülki əhaliyə toxunmayacağımızı düşünürdü. Biz bu sterotipi qırdıq”. Bu o deməkdir ki, erməni silalahlıları ötən 29 ildə qarşılarına çıxan hər bir azərbaycanlını öldürmək yolu çeçmişdilər.
Ağır bəşəri cinayətlərini rəsmən, açıq etiraf edən Sarkisyan və onun kimilər beynəlxalq məhkəmələrdə çoxdan ən ağır formada cəzalan-dırılmalı idilər. Lakin bu cəzasızlığın birbaşa nəticəsidir ki, insan qatili olmaqdan çəkinməmək zehniyyəti ilə kütləvi qırğınlar törədən Sarkisyan, Koçaryan kimi soyqırımı caniləri revanş xülyasına düşərək müharibəyə başlamaq üçün yenidən Ermənistanda hakimiyyətə gəlmək iddiasındadırlar.
Belə bir şəraitdə özünü mədəni və ədalətli sayan, terror və soyqırıma yox deyən dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın davranışlarına adekvat münasibət göstərməlidirlər. İşğalçı Ermənistanın ötən 30 ildə törətdiyi hərbi cinayətlərə yalnız qınaqla yanaşmaq və sadəcə, təəssüf bildirmək çağdaş dünyada hələ də davam edən bədnam soyqırımı ənənəsinin qarşısını ala bilməz.
Azərbaycanın ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında qaldı. Bu ərazilərdə minlərlə kənd, onadək şəhər və qəsəbə yerlə-yeksan edildi. Ölkəmizdə olan səfirlik və beynəlxalq təşkilat nümayəndələri isə bunları sakitcə müşahidə etdilər.
Buna görə də Ermənistanda bu gün də revanşist faşist çağırışlar eşidilir, kövrək sülhə yeni təhdidlər edilir. Bu isə bölgədə yeni destabilizasiya üçün zəmin yaradır. Bütün bunları nəzərə alaraq ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar:
– Xocalı soyqırımını rəsmən tanımalı;
– Xocalı soyqırımında iştirakı olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımçı olmalı;
– Ermənistanın Azərbaycan ərazilərində işğal nəticəsində törətdiyi bütün dağıntı və talana görə təzminat ödəməsini təmin etmək üçün müvafiq prosedurların həyata keçirilməsinə dəstək verməli;
– Ermənistanın silahsızlaşdırılması siyasətinin həyata keçirmilməsinə nail olmalıdırlar.
Bütün Yer kürəsini hamımızın evi və ailəsi kimi görə bilən insanlar bəşəri düzəni 30 il pozmuş işğalçı Ermənistanın törətdiyi hərbi-siyasi cinayətlərin bir daha təkrarlanmaması, ümumiyyətlə dünyanın heç bir yerində kütləvi insan qırğınları və dağıntıların baş verməməsi üçün erməni müharibə canilərinin cəzalandırılması çağırışına qoşulmalıdırlar.
Unutmaq olmaz ki, Ermənistanın müharibə canilərinin cəzasız qalmaları dünyada yeni soyqırımlarına meydan saxlayır.


Fərəc QULİYEV,
Milli Dirçəliş Hərəkatı partiyasının sədri
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed