Şrift:
Misir nəşri Türk Şurasının Zirvə görüşü haqqında məqalə yayıb
02.04.2021 [09:12] - Xəbərlər, Türk dünyası-Turan
Misirin “Əl Vəsilə” nəşri martın 31-də keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü haqqında geniş məqalə yayıb.

Misirli tədqiqatçı və jurnalist Əhməd Əbdo Tərabikin müəllifi olduğu “Türk Şurasının əməkdaşlığının iqtisadi və mənəvi aspektləri” sərlövhəli analitik məqaləsində Zirvə görüşündə dövlət başçılarının əməkdaşlığı daha da inkişaf etdirmək, iqtisadi və mədəni əlaqələri möhkəmləndirmək əzmindən bəhs edilir.

Məqalədə qeyd olunur ki, Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, hazırkı Prezident Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Vətən müharibəsində Qələbə münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməyə hazır olduqlarını bildiriblər.

Müəllif yazır ki, tədbir iştirakçıları Nizami Gəncəvi, Yunus Əmrə, Məhdimqulu Fəraqi, Cəlaləddin Rumi kimi dahilər yetişdirmiş türk dünyasının mədəni bağlarının daha da güclənməsinin zəruriliyini vurğulayıblar. Onlar bu məsələyə dair yeni təkliflər irəli sürüblər. Bundan başqa, Türkiyədə keçiriləcək növbəti Zirvə görüşündə iqtisadi əməkdaşlığa dair iki böyük layihənin həyata keçirilməsi müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed