Şrift:
Şimal rayonlarından olan 572 nəfər Xaçmazda biliyini sınayıb
11.08.2021 [14:17] - Gündəm, Bildiriş
Avqustun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazda təşkil olunan ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlarında şimal rayonlarından 572 nəfər iştirak edib.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu bildirib ki, Xaçmaz şəhərində 3 mərkəzdə keçirilən imtahanlara 58 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub.

Bu gün əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir.

İmtahanlar saat 10:00-da başlayıb və 3 saat davam edib.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazla yanaşı, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran və Cəlilabad da imtahanlar təşkil edilib.
Bu xəbər oxucular tərəfindən 1485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed