Şrift:
Təhsil sisteminin idarə olunmasının aktual məsələləri ilə bağlı vebinar keçirilib
18.08.2021 [13:49] - Gündəm, Gənclik, Bildiriş
Təhsil İnstitutu “Təhsil sisteminin idarə olunmasının aktual məsələləri” mövzusunda vebinar keçirib. Tədbirin moderatoru Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi Humay Cəbiyeva olub.

İnstitutdan bildirilib ki, vebinarda spiker qismində Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim Piralı Əliyev çıxış edib.

Piralı Əliyev təhsilin iqtisadiyyatı və idarə olunması, idarəetmədə nəzəri və təcrübi məsələlər, resursların idarə olunması, pedaqoji təcrübədə nəticəyönümlülük və təlim nəticələri, təhsil prosesinin reytinq sisteminin idarə olunması və bu reytinqin hesablanma metodikası haqqında geniş məlumat verib. Pedaqoji idarəetmədə davamlı inkişafdan danışan Piralı Əliyev, həmçinin pandemiya dövründə təhsilin idarə olunması və şagird ehtiyacları məsələlərinə də toxunaraq öz fikirlərini bildirib.

Vebinarda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov hazırda təhsilimizdə gedən dəyişikliklər və ümumi məzmun islahatlarından danışıb. Tədqiqatların aparılması, milli və beynəlxalq qiymətləndirmə, ehtiyat dərsliklər, ixtisasartırma, metodik dəstək xidmətinin təşkili haqqında məlumat verən Rüfət Əzizov universitetlərlə əməkdaşlığın gələcək müəllimlər üçün nə dərəcədə mühüm olduğunu da vurğulayıb. O, institutun işinin əsasını təşkil edən 3 istiqamətdən danışıb, Azərbaycan dilinin tədrisinə yenidən baxılmasının, xarici dil təhsilinin yenilənməsinin və innovativ məzmunun hazırlanmasının bu istiqamətlərin əsasını təşkil edən əsas məsələlərdən olduğunu qeyd edib.

Vebinarda institutun elmi katibi Akif Abbasov çıxış edərək fikirlərini bildirib. Tədbirin sonunda Piralı Əliyev vebinar iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə 100-ə yaxın ali və orta ixtisas təhsili müəssisəsinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 2828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed