Şrift:
Fərəc Quliyev: ““Taliban”la danışıqlara gedilməsi...”
20.08.2021 [15:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Biz Kabildəki səlahiyyətlilərlə əlaqədə olmalıyıq... "Taliban" müharibəni udub, ona görə də biz onlarla danışmalıyıq".

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell xarici işlər nazirlərinin telekonfransı zamanı deyib.O bildirib ki, Brüssel humanitar və potensial miqrasiya fəlakətlərinin qarşısının alınması məqsədi ilə zəruri olduğu təqdirdə dialoqda iştirak etməlidir, lakin bu, Əfqanıstanda "Taliban"ın hakimiyyətini rəsmi qaydada tanımaq anlamına gəlmir.

"Bu dialoq, həmçinin xarici terrorçuların Əfqanıstana geri dönməsinə mane olacaq vasitələrə köklənəcək", - deyə ali nümayəndə bildirib.

J.Borrell vurğulayıb ki, Əfqanıstanda "Əl-Qaidə"yə qarşı mübarizədə uğur qazanılıb, lakin ölkəyə böyük miqdarda resursların ayrılmasına baxmayaraq, dövlət quruculuğu prosesi uğursuzluğa düçar olub.

Məslə ilə bağlı Cebhe.info-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev bildirib ki, Avropa İttifaqı “Taliban”ın qətliamlar törətməməsi üçün, danışıqlarla vəziyyəti nəzarət altına almağa çalışır:

“Əfqanıstan çox həssas bir yerdir. Avropa İttifaqına daxil olan ölkələr və bu bölgədə marağı olan dövlətlər də, oradakı hadisələrin nəzarətdən çıxmamasının tərafdarıdır. Böyük maraqları olduğu “Taliban”ın arxasında hansı güclərin və gizli planlar olmasından narahatdılar. Avropa İttifaqı buna görə də, heç olmasa mövcud status-kvonu qorumağın tərafdarıdır. Çalışırlar ki, qarşıdurma və qırğınlar olmasın və bundan sonrakı dönəm anlaşma ilə həyata keçsin.

Əlbəttə ki, dünyanın heç bir yerində çevriliş cəhdləri qəbul olunmur və çevriliş ilə hakimiyyətə gələnlərə də dəstək verilmir. Lakin hadisələr həddindən artıq təhlükəli bölgədə baş verdiyindən, bu mövqeyi anlamaq olar ki, tədricən yumşaq bir vəziyyətdə proseslər nəzarət altına alınsın.Böyük ehtimalla burada daha çox Türkiyənin rol alması təmin olunarsa, məsələlərə müəyyən qədər müdaxilə imkanları da artacaqdır. Əgər bu məsələyə yumşaq yanaşılmasa, “Taliban”ın daha radikal addımlar atacağından ehtiyat edilir. Bu çağırış məhz radikal və kəskin addımların atılmasının qarşısını almaqdır”.

Partiya sədri qeyd edib ki, “Taliban”la danışıqlara getmək beynəlxalq qanunvericiliyə uyğun olmasa da, hazırkı vəziyyətdə başqa variant yoxdur:

“Təbii ki, “Taliban”la danışıqlara gedilməsi, beynəlxalq qanunlara uyğun deyil, amma burada pislərin içərisindən ən yaxşı pisi seçmək taktikası əsas götürülür. Həmçinin, nəzərə alırlar ki, faktiki olaraq keçmiş hakimiyyət artıq yoxdur və 300 minlik “Taliban” ordusuna müqavimət göstərmədi. Hesab edərəm ki, bu doğru yanaşmadır”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed