Şrift:
Azərbaycanla Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub
23.09.2021 [10:09] - Xəbərlər, Siyasət
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkə Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.

Səfir qəbula görə Senatın sədrinə təşəkkür edib və iki qardaş ölkə - Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən söhbət açıb.

X. Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək Vətən müharibəsi dövründə Pakistanın, o cümlədən ölkə Senatının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib və dərin təşəkkürünü ifadə edib. Səfir Azərbaycan və Pakistan parlamentləri arasında yüksək səviyyəli əlaqələrin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına xüsusi töhfəsini vurğulayıb. O eyni zamanda ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın, ticarət və kənd təsərrüfatı sahələri üzrə işçi qruplarının fəaliyyətindən söhbət açaraq təhsil, səhiyyə, informasiya texnologiyaları və enerji daşıyıcıları kimi sahələrdə də işçi qruplarının yaradılmasının vacibliyini bildirib. Diplomat ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar və mövcud potensial barədə məlumatları diqqətə çatdırıb.

Pakistan Senatının sədri X.Fərhadovu təyinatı münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzulayıb.

M.S.Sancrani Senat və onun fəaliyyəti haqqında ətraflı məlumatları diqqətə çatdıraraq Senatın Azərbaycan Milli Məclisi ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.

Ölkəmizin Vətən nüharibəsindən söhbət açan sədr Azərbaycanın qələbəsinin Pakistanın qələbəsi olduğunu xüsusi vurğulayıb. Məhəmməd Sadiq Sancrani iki qardaş ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib və bütün istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini və bu istiqamətdə Pakistan Senatının lazımi kömək göstərəcəyini əminliklə ifadə edib.

Görüşdə Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed