Şrift:
İranın “quyruğu” göründü!- “Ağıllarından başqa şey keçərsə...”
23.09.2021 [18:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“...Azadlıq meydanımıza boylansınlar, orada ən qüdrətli dövlətlərin S-300 və digər böyük hərbi texnikaları var”

“İstənilən dövlət bizə qarşı əzələ nümayiş etdirməyə cəhd etsə, həmin texnikaları məhv hərbi arsenalımızı işə salarıq”

“Ona görə də yersiz hədə-qorxunun heç bir mənası yoxdur”

İran Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir. Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.

Məsələ barədə “Sherg.az”a açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyevin sözlərinə görə, son zamanlar İranın bizə qarşı fəallaşması elə bir vəziyyətə səbəb oldu ki, artıq bu dövlətin iç üzünü ölkəmizdə bilməyən qalmadı:

“Azərbaycan öz əraziləri daxilində konstitusiyasına və beynəlxalq qanunlara uyğun olaraq davranışlar nümayiş etdirir. Bu, İranın xoşuna gəlir ya yox, bizi maraqlandırmır. Gorus-Qafan yolunda yoxlamalar aparmaq haqqımızdır. İran isə müharibə zamanı Ermənistana açıq dəstək verdi, xeyli silah-sursat göndərdilər. Müharibədən əvvəlki dönəmdə də işğalda olan torpaqlarımızda talançılıq işləri ilə məşğul olublar. İndi isə adekvat tədbirlər görürük və bunun üçün bizə əzələ nümayiş etdirməyə dəyməz. İranın 1970-ci illərdən qalma dəmir-dümürlərini Araz çayının qırağında bizə göstərməkləri bir işə yaramayacaq. Ağıllarından başqa şey keçərsə, Azadlıq meydanımıza boylansınlar, orada ən qüdrətli dövlətlərin S-300 və digər böyük hərbi texnikaları var. İstənilən dövlət bizə qarşı əzələ nümayiş etdirməyə cəhd etsə, həmin texnikaları məhv hərbi arsenalımızı işə salarıq. Ona görə də yersiz hədə-qorxunun heç bir mənası yoxdur. İran bir zamanlar bəyanat vermişdi ki, sərhədlərində ordu toplanması onları narahat edir, Ermənistanın sərhədlərindəki gərginlik onların qırmızı xəttidir. 30 il idi ki, Azərbaycan əraziləri işğal altında idi və İrana həmin qırmızı xətt görünmədi. Hesab edirəm ki, İranın qarşısında 30 il əvvəlki Azərbaycan yoxdur ki, bizə qarşı çıxsınlar. “Quyruqları” göründü və bilindi ki, nə işlərlə məşğuldurlar”.

F.Quliyev qeyd edib ki, İran öz siyasətinə yenidən baxmalı, Azərbaycana qarşı ədalətsiz davranışlarına son qoymalıdır:

“Eyni zamanda ərazilərimizə narkotiklərin göndərilməsinə, məmurlarının “şirin quyruğu” kimi yersiz bəyanatlarını aradan qaldırmalıdırlar. Azərbaycanın Türkiyə və Pakistan kimi strateji müttəfiqləri var. Özünü böyük adlandıran istənilən gücün bizə meydan oxumasına icazə verməyəcəyik. Bunu birmənalı şəkildə dərk etməlidirlər!”.

Yeganə Bayramova/sherg.az
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed