Şrift:
Qurban Qurbanov: Bu gün futbolçuların daha istəkli olduğunu gördüm
22.10.2021 [09:52] - Gündəm, İdman
Furbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm.

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Qazaxıstanın "Kayrat" klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin "Bazel"ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar".

Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: "Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda bizim futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xəttdəki oyunçulardan çox şey asılıdır".

Təcrübəli baş məşqçi görüş ərzində səbrli olduqlarını sözlərinə ələvə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".

Mütəxəssis Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".

Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər".

Qeyd edək ki, hazırda “Qarabağ” 7 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisindən 3 xal geri qalan “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağıdır. Bu oyunda hesab hazırda bərabərdir - 1:1.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed