Şrift:
MDU-nun tələbələri “Azərbaycan İES”də təlim-təcrübə proqramını uğurla başa vurublar
08.12.2021 [10:02] - Gündəm, Gənclik, Bildiriş
Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramı uğurla başa çatıb.

Universitetdən bildirilib ki, bu münasibətlə “Azərbaycan İES” MMC-nin Baş İdarəetmə Mərkəzində təlim-təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirilib. Görüşdə MDU-dan Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, Karyera və İnkişaf Mərkəzinin direktor əvəzi Cəlil Bağırov, akademik məsləhətçi İlhamə Məmmədova iştirak ediblər.

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə təbriklərini çatdıran MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva “Azərbaycan İES” ilə işbirliyinin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib və kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsinə töhfə verən bu təşəbbüsün təşkilində və icrasında əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

MDU-nun regionda energetika mühəndisi hazırlığını həyata keçirən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayan “Azərbaycan İES”in baş mühəndisi Araz Süleymanlı universitetlə işbirliyi çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, kadr potensialının gücləndirilməsinə hədəflənən bu cür birgə fəaliyyətlərin davamlılığını arzulayıb.

Universitet və sənaye əməkdaşlığının təhsilalanların karyera inkişafında önəmindən söhbət açan “Azərbaycan İES”in kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva proqram çərçivəsində müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında və real iş şəraitində keçirilən təlim və təcrübə prosesində tələbələrin fəallığını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, cari ilin noyabrın 22-dən dekabrın 6-dək davam etmiş sözügedən iki həftəlik proqram çərçivəsində MDU-nun Mühəndislik fakültəsinin 16 tələbəsi təlimlərdə iştirak edib, istehsalatla yaxından tanış olub, səriştəli kadrların bilik və təcrübələrindən faydalanıblar. Təlimlər “Azərbaycan İES” MMC-nin Tədris mərkəzinin aparıcı mütəxəssisi Yeganə Abdullayeva, Texniki istehsalat şöbəsinin rəisi Ramiz Qasımov, 1 nömrəli qazan turbin sexinin rəis müavini Elbrus Qafarov, texniki istehsalat şöbəsinin aparıcı mühəndisi Əsibə Sadıqova, Təhlükəsizlik texnikası, texniki istismar və əməyin mühafizəsi şöbəsinin müdiri Aqil Mahmudov tərəfindən keçirilib.

İES-də təlim və təcrübələrlə bağlı təəssüratlarını bölüşən tələbələr təhsil aldıqları ixtisas üzrə praktiki hazırlıq səviyyələrinin yüksəldilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Sonra proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara müasir, praktiki bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir.
Bu xəbər oxucular tərəfindən 3013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed