Şrift:
Vətən müharibəsi qəhrəmanlarının tanıtımı ilə bağlı layihənin icrası yekunlaşıb
17.12.2021 [10:30] - Gündəm, Sosial
Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2021-ci il sentyabrın 15-dən dekabrın 15-dək həyata keçirdiyi “Bir ölür – min dirilərik-2!” adlı layihənin icrasını yekunlaşdırıb.

Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasından bildiriblər ki, layihənin məqsədi Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaqdır.

Biləsuvar və Füzuli rayonlarında həyata keçirilən layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi reallaşıb. Bu məqsədlə çəkiliş qrupu Biləsuvar rayonunun Xırmandalı, Nərimankənd, Nəsimi kəndlərinə və Vətən müharibəsi zamanı qızğın döyüşlər gedən Füzuli rayonuna səfərlər təşkil edib, Alxanlı, Şükürbəyli kəndlərində çəkilişlər aparıb. Kadrlarda döyüşçülərin həyatı bahasına Vətən torpağının müdafiəsinə qalxması, müharibə zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyələr öz əksini tapıb.

Layihənin yekunu olaraq Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində 3 qısametrajlı filmin təqdimatı keçirilib. Bildirilib ki, hazırlanan videoçarxların gənclərimizin vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanların cəmiyyət tərəfindən tanıdılmasında və gənc nəsildə yeni müasir qəhrəman obrazlarının yaranmasında böyük rolu olacaq.

Qeyd edək ki, 1994-cü ildə təsis olunan “Bakı Gənclər Klubu” İctimai Birliyi Gənclər Təşkilatlarının Milli Şurasının, “GUAM Dövlətləri Gənclər Təşkilatları Forumu”nun və “Azərbaycan Kiber İdman Federasiyası”nın təsisçisi və fəal üzvüdür.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed