Şrift:
Milli Kitabxanada “Nəsir İmanquliyev – 110” adlı virtual sərgi hazırlanıb
22.12.2021 [10:57] - Xəbərlər
Bu gün müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyevin 110 illik yubileyi tamam olur.

Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəsir İmanquliyev – 110” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Nəsir İmanquliyev haqqında rəsmi sənəd, mükafatları, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nesir_%C4%B0manquliyev_110/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.
Bu xəbər oxucular tərəfindən 3181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed